Bununla bağlı Sfera.az-a həmin binada yaşayan sakinlər məlumat veriblər.
Sakinlər bildirirlər ki, dibçəklər Hüquq Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən yerləşdirilib və artıq 3 aydır vəziyyət belədir:
"Hüquq MTK tərəfindən binanın həyətinə, yolboyu təqribi çəkisi 500 kq olan beton dibçəklər yerləşdirilib. Bunun hərəkət üçün çətinlik yaratdığı dəfələrlə diqqətlərinə çatdırılsa da, heç nə dəyişməyib. Çünki Hüquq MTK bunları xüsusi məqsədlə yerləşdirib”.
Sakinlərin sözlərinə görə, bu dibçəklərin qoyulmasında məqsəd hamını ödənişli parkinqdən istifadəyə məcbur etməkdir. Binanın qarajı çox kiçikdir və bina sakinləri orada da avtomobilləri üçün yer tapa bilmirlər.
"Binaya təcili yardım maşını və s. gəldikdə, ümumiyyətlə, ərazidə hərəkət dayanır. Sabah yanğın çıxsa, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müdaxilə edə bilməyəcəklər. Dediyimiz kimi, qaraj kiçikdir, yer tapılsa belə, yaşlı bina sakinləri evindən çıxıb parkinqə gedənə qədər əziyyət çəkməli olur. Ailələr məhz bu məsələyə görə çoxlu problemlər yaşayırlar. Biz dəfələrlə 102 xidmətinə şikayətimizi bildirmişik, cavab olaraq maraqlanacaqlarını deyiblər. Lakin dibçəklər ərazidən təmizlənmir və bu yöndə heç bir iş görülmür”.
Şikayətçilərin sözlərinə görə, Hüquq MTK nümayəndələri ilə görüşlər heç bir nəticə vermir:
"Biz dəfələrlə Hüquq MTK nümayəndələri ilə də görüşmüşük, amma məsuliyyəti üzərlərindən atıblar. Məlum məsələdir ki, həmin dibçəklər əraziyə görüntü xatirinə yox, başqa məqsədlə qoyulub. Bina sakinləri arasında bununla bağlı dəfələrlə problem yaşanıb. Biz təcili sürətdə bu istiqamətdə tədbir görülməsini istəyirik”.
Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə çalışdıq. Kommunal Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Qaçay Şahbazov binaların qarşısında avtomobillərin dayanmamasının fövqəladə halların qarşısını almağa xidmət etdiyini deyib:
"Həmin ərazidə bütün fövqəladə halların yaranmasının qarşısını almaq üçün avtomobillərin dayanmaması lazımdır və buna görə də insanların sərbəst hərəkəti üçün müsbət şərait yaradılıb. Pandemiya dövründə əraziyə tez-tez təcili tibbi yardım maşınları gəlirdi. Buna görə də biz əraziyə girişi birtərəfli etmişik və qarajda şərait yaradılıb. Bəzi sakinlər avtomobillərini qarajda saxlamamaq və digər ödənişli dayanacaqlardan istifadə etməmək üçün həmin dibçəklərin əraziyə qoyulmasından narazılıq edir. Əraziyə DİN əməkdaşları da gəlib və yaradılan şəraitlə tanış olublar”.
Əzizə Zeynal
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man