Britaniyalı alim, professor Cim Əl-Xəlili insanların yaxşı düşünmə qabiliyyətinin sosial mediaya görə zəiflədiyini və bunun beyin təkamülü üçün təhlükə yaratdığını açıqlayıb.
Sfera.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, son 20 ildə insanların hər hansı bir şeyə diqqət ayırma müddəti azalıb - 12 saniyədən 8 saniyəyə enib.
İngiltərənin Surrey Universitetindən olan nəzəri fizik, professor Cim Əl-Xəlili fokuslanma vaxtının azalmasının insan beyni üçün təhlükəli olduğunu izah edib:
"Axmaqlaşdığımızı, düşünmə qabiliyyətimizin azaldığını deyə bilərik. İnsanlar bir mövzu haqqında dərindən düşünmək qabiliyyətini itirirlər. Çünki onlar eyni anda smart ekranlardan bir çox məlumat axını qəbul edirlər. Günümüzün insanları bir tvit və ya bir neçə dəqiqəlik videoya sığdırılmış məlumat parçaları ilə kifayətlənməli olurlar”.
Professor bildirib ki, fokuslanmamış ağıl heç bir mövzunun nüanslarını dərk etmir.
"Ona görə də sağlam müzakirələr aparıla bilməz. Çox ciddi mövzular sosial şəbəkə paylaşımlarına yığılıb. Ancaq həyat və məsələlər daha mürəkkəbdir. Faktların mürəkkəb olduğunu etiraf etmək isə çoxlarına sərf etmir. İnsan beyninin təkamül inkişafı üçün texnologiya ilə əlaqəmizi yenidən nəzərdən keçirməliyik", - deyə Əl-Xəlili əlavə edib.
Günay Rəsulqızı
Sfera.az