Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan böyük qaçqın dalğasından ilk növbədə zərər çəkən 9 Şərqi Avropa ölkəsi məktubla Avropa İttifaqından maliyyə yardımı istəyib.
Sfera.az xəbər verir ki, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və üç Baltikyanı ölkə (Estoniya, Litva və Latviya) qaçqınlara verilən sığınacaq, qida, təhsil və nəqliyyat xidmətləri kimi əlavə sosial yardımlara görə Avropa İttifaqından kömək istəyiblər.
14 maddədən ibarət birgə məktubda sosial həmrəyliyin Avropa Birliyinin əsas prinsiplərindən biri olduğu vurğulanıb və buna görə də Brüssel səlahiyyətlilərinin qaçqın axınından birbaşa təsirlənən Şərqi Avropa ölkələrinə yardım proqramları həyata keçirməli olduğu bildirilib. Bundan başqa, qaçqın axını səbəbindən bu ölkələrdəki iqtisadi tarazlıqların dəyişdiyinə işarə edilən müraciətdə bəzi struktur tədbirləri təklif edilib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının keçən həftə verdiyi açıqlamaya görə, müharibə başlayan gündən 19 aprelə qədər 5 milyondan çox ukraynalı öz ölkəsini tərk edib. Ukraynalı mühacirlərin təxminən yarısının üstünlük verdiyi ölkə Polşadır. Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığının açıqladığı hesabata görə, bu dövrdə müharibədən qaçan 2 milyon 825 min 463 immiqrant Polşaya sığınmış, eyni dövrdə ukraynalılar Rumıniya (757 min 047), Rusiya (549 min 805) və Macarıstan (471 min) 80, Moldova (426 min 964), Slovakiya (342 min 813) və Belarusa (23 min 759) köç ediblər.
Birləşmiş Millətlər Beynəlxalq Miqrasiya Təşkilatında Ukrayna daxilində 7,1 milyon nəfər mülki köçkünün olduğunu bildirib. Müharibə başlayanda BMT münaqişənin qızışacağı təqdirdə 4 milyon qaçqının ölkəni tərk edəcəyini proqnozlaşdırmışdı. Şərqi Avropa ölkələri öz məktublarında bu yükün Avropa Birliyinə bərabər şəkildə bölüşdürülməsini tələb edirlər.
Əzizə Zeynal