Azərbaycanda informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması olan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təsis edilib.
Sfera.az bildirir ki, təsis yığıncağında Assosiasiyanın sədri vəzifəsində Rahid Ələkbərlinin və Baş Katib vəzifəsində Bulu İsmayılovanın namizədliyi təsdiqlənib.
"Kibertəhdidlər kifayət qədər çoxdur və hər gün də artır. AKTA bu istiqamətdə ciddi addımlar atmağı planlaşdırır, təşəbbüslərə tam açığıq”, - deyə qurum sədri bildirib.
Tədbirdə, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, DTX rəis müavini İlqar Musayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev millət vəkilləri, QHT nümayəndələri və digər şəxslər iştrak ediblər.
Digər tərəfdən bildirilib ki, Azərbaycanda İT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər, təşkilatlar və mütəxəssisləri vahid platformada birləşdirməyi hədəfləyən Assosiasiyanın əsas məqsədləri Azərbaycanda kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin koordinasiyası və ölkədə bu sahənin inkişafına dəstək verilməsidir. Assosiasiya həmçinin kibertəhlükəsizlik sahəsində innovativ layihələrin, texniki resurs və proqram təminatlarının hazırlanması, Azərbaycanın beynəlxalq reytinq və hesabatlarda möqveyinin gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin aparılması vəzifələrini icra edəcək.
Qarşıya qoyduğu məqsədləri reallaşdırmaq məqsədilə Assosiasiyanın kibertəhlükəsizliyin təmiri ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanmasını, müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsini, ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsini həyata keçirməsi və informasiya cəmiyyətinin inkişafına dəstək verməsi nəzərdə tutulur. Assosiasiya kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verməsi ilə yanaşı, bu istiqamətdə maarifləndirmə və məlumatlandırmanın həyata keçirilməsini, milli maraqları əleyhinə yönəlmiş təbliğat və dezinformasiya fəaliyyətlərinə qarşı mübarizədə müvafiq təkliflərin verməsini və bu istiqamətdə görülən işlərin əlaqələndirilməsini təmin edəcək.