"Tesla” və "SpaceX”in rəhbəri İlon Maskın son açıqlması eşidənləri təəccübləndirib.
Sfera.az bildirir ki, iş adamı evinin olmadığını və dostlarının boş otaqlarında qaldığını deyib. O, bu barədə TED konfransının sədri Kris Andersona müsahibəsində söyləyib.
Maskın evlə bağlı açıqlaması uzun müddətdir ki, onun qənaətcil vərdişləri barədə şərhləri ilk dəfə təsdiqləmiş olub. İş adamı, həmçinin tətilə getmədiyini də qeyd edib. O, vaxta qənaət etmək üçün təyyarəsi olduğunu bildirib.
Xatırladaq ki, İlon Mask 2020-ci ilin may ayında bütün aktivlərini satmaq niyyətində olduğunu və "ev sahibi olmayacağını" deyib. 2021-ci ilin avqustunda "Insider”, Maskın "SpaceX”dən 50 000 dollara kirayə götürdüyü kiçik bir prefabrik evdə yaşadığını açıqlayıb. Zaman-zaman Maskın sevgilisi olan Qrayms da müsahibələrinin birində, "bəzən yoxsulluq həddinin altında" yaşadığını və iş adamının hətta köhnə çarpayını dəyişməkdən imtina etdiyini deyib.
"Google”un həmtəsisçisi və o vaxtkı icraçı direktoru Larri Peys də, 2015-ci ildə Maskın bəzən Silikon Vadisini ziyarət edərkən, "Bu gecə harada qalacağımı bilmirəm. Sizə gələ bilərəm?”, tipli mesaj atdığını etiraf edib.
Qeyd edək ki, Maskın 264.6 milyard dollarlıq şəxsi sərvətinin böyük hissəsi onun "Tesla”dakı payına bağlıdır.
Günay Rəsulqızı
Sfera.az