Məşhur yazıçı Paul Osterin oğlu həbs edilib.
Sfera.az bildirir ki, buna səbəb onun körpə qızını öldürdüyünə dair şübhələrin olmasıdır. Belə ki, noyabrın 1-də Daniel Osterin ABŞ-ın Nyu-York şəhərindəki evinə tibb işçiləri çağırılıb. Onlar 10 aylıq Rubi adlı körpəni huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan kiçik qızın öldüyü açıqlanıb. Tibbi ekspertiza nəticəsində Rubinin fentanil və heroinin həddindən artıq dozasından dünyasını dəyişdiyi müəyyən edilib. Hadisənin başverdiyi gün körpəyə atası Daniel Oster baxırmış.
Polis qrupları hadisənin qətl olduğunu düşünürlər. Adı açıqlanmayan bir polis sözçüsü isə Rubi Osterin narkotikə necə məruz qaldığını bilmədiyini söyləyib. Məhkəmə ekspertləri də istintaqın davam etdiyini əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Ötən gün həbs edilən Daniel Oster ehtiyatsızlıqdan qəsdən adam öldürməkdə ittiham olunub.
Hadisə ilə bağlı "New York Times” qəzeti Danielin atası, 75 yaşlı yazar Paul Osterlə əlaqə saxlasa da, o, məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Daniel Oster daha öncə də kriminal hadisələr törədib. O, 1996-cı ildə Andre Melendez adlı narkotik satıcısının Maykl Aliq tərəfindən öldürülməyinə şahid olub. Daniel Osterə susması üçün 3000 dollar verilib. Sonradan törətdiyi cinayəti etiraf edən Daniel 5 il şərti cəzadan azad edilib. O, həmçinin keçmişdə narkotik qəbulu ilə bağlı da tutulub.
Günay Rəsulqızı
Sfera.az