Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün xalqa müraciəti zamanı, "Rusiya Ukraynada dayanmağı planlaşdırmır. Putinin təbliğat maşını açıq şəkildə bəyan edir ki, Avropa Ukraynadan sonra "növbəti hədəfdir”, deyə bildirib.
Digər tərəfdən Finlandiya və İsveçdə Rusiya təhlükəsinə qarşı NATO-ya üzvlük tələbləri dilə gətirilir, bunu bəzi rusiyalı ekspertlər, deputatlar Rusiya üçün "dəhşətli faciə” kimi qiymətləndirir.
Bu hadisələr fonunda gözlənilən ssenari hansı formada ola bilər? Qərbin Rusiya üçün hazırkı planı nədir və Rusiya necə cavab verəcək?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın geri çəkilmək planı yoxdur:
"Çünki aktiv şəkildə cənub-şərq istiqamətində müharibə gedəcək. rusiyanın planı bu əraziləri işğal etdikdən sonra masa ətrafında Ukrayna və Qərbə qarşı öz şərtlərini diktə etməkdir. Finlandiya və İsveçin də NATO-ya üzvlük məsələsi isə göründüyü kimi Moskvada narahatlıq yaradır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də ciddi şəkildə təhdidedici mesajlar verib. Rusiya müəyyən qoşun hissələrini Finlandiya, İsveç sərhədlərinə göndərib. Amma Rusiyanın Avropaya qarşı hər hansı hərbi əməliyyatlara başlaması gözlənilmir. Çünki artıq Rusiyanın da resursları tükənib”.
Müsahibimiz bildirib ki, Ukrayna ilə müharibədə ciddi şəkildə məğlubiyyətə uğrayan ordunun növbəti cəbhədə vuruşması Rusiya üçün problemlərə yol aça bilər:
"Bu sadəcə olaraq, təhdidedici mesajlardır və düşünmürəm ki, Rusiya Avropaya, digər ölkələrə bundan sonra hücum etsin. Əgər Ukraynanı işğal etsəydi, bu, ola bilərdi. Amma Rusiya Donbassla kifayətlənməyə çalışır. Qərb isə Rusiyaya qarşı hələ ki sanksiyalar tətbiq edir, növbəti illərdə neft idxalını dayandırmalıdır. NATO artıq Şərq sərhədlərinə öz qoşun növlərini yığıb. Hesab edirəm ki, prosesdə Rusiya tərəfi ciddi şəkildə geri çəkiləcək. Rusiya ilə NATO-nun birbaşa üz-üzə gəlməsi real görünmür”.
Günay Rəsulqızı
Sfera.az
--