"1164 "Atlant” layihəli, birinci dərəcəli "Moskva” kreyserinin batması Rusiyanın təkcə Qara Dəniz Flotu üçün deyil, ümumiyyətlə, Rus Dəniz Qüvvələri üçün çox böyük itkidir. Gəminin Ukraynanın hücumu səbəbindən zədələndiyini təsdiqləmək isə Rusiya hərbi dairələri üçün ikiqat çətindir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahomov deyib. O bildirib ki, Rusiyanın bu davranışını qiymətləndirmək çətin olsa da, müharibənin öz qanunları var:
"Rusiya Hərbi Dəniz qüvvələrinin tərkibində bundan başqa cəmi eyni tipli iki kreyser mövcuddur: Sakit Okeanda " Varyaq” və Şimal flotunda " Marşal Ustinov” kreyserləri. Amma bu kreyserlərin Ukrayna-Rusiya döyüş cəbhəsinə gətirilməsi və onlardan Ukraynaya qarşı istifadə olunması Rusiya üçün çox çətin, bəlkə də mümkünsüzdür. "Moskva” kreyserinin batırılması Rusiya-Ukrayna müharibəsinə necə təsir göstərməsini qabaqcadan söyləmək mümkün olmasa da, Rusiyanın əl-qolunun bağlanması göz qabağındadır”.
Politoloq qeyd edib ki, mütəxəssislər bu hadisədən sonra Rusiyanın digər imkanlardan istifadə edərək Ukrayna şəhərlərinin daha da ağır raket zərbələrinə məruz qoyacağını proqnozlaşdırırlar:
"Rusiyanın bu itkinin yerini doldura biləcəyi məsələsi isə hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq”.
Günay Rəsulqızı
Sfera.az