Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun həyat yoldaşı Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciəti ilə bağlı açıqlama verib.
Sfera.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Medvedçukun həyat yoldaşı Oksana Marçenko "Youtube” vasitəsilə müraciətinə Zelenski tərəfindən cavab gəlmədiyini deyib.
O, müraciətinin cavabsız qalacağını düşündüyünü də sözlərinə əlavə edib.
Xatırladaq ki, aprelin 12-də Medvedçukun Ukraynada saxlanılması barədə məlumat yayılıb. O, Ukraynanı tərk etməyə çalışıb.
Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko "Youtube” vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə "müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı, həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb.
Qeyd edək ki, Rusiya ilə sıx əlaqələri olan Viktor Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir. Məlumata görə, Rusiyanın Kiyevi işğal edəcəyi təqdirdə V.Medvedçuk oradakı gələcək marionet hakimiyyətin başçısı olaraq görülürdü.
Əzizə Zeynal
Sfera.az