"Əgər MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) "Güzəştli mənzil” sisteminin DEMO versiyası ilə əsas versiyanın ilkin kodlarını satışdan bir gün öncə dəyişdirməyibsə, yəni öncədən adi bot yazanlar üçün də münbit şərait yaradıbsa, onda düşünürəm ki, burada həm də MİDA-nın məsuliyyəti var”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz MİDA-nın DTX-yə müraciət etməsindən danışarkən deyib. O bildirib ki, güzəştli mənzil satışının nəticələrinin ləğv olunması, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər:
"Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı. Son hadisələr onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. O cümlədən, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir”.
Ekspert qeyd edib ki, onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var:
"Bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir. Satışdan sonra, MİDA bəzi məqamları çıxmaq şərtilə, onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməli, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməli, onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.
Günay Rəsulqızı
Sfera.az