Dünən Xankəndidə qondarma parlamentin iclası keçirilib.
Separatçı vəkillər Nikol Paşinyanı kəskin tənqid edərək sülh razılaşması üçün Dağlıq Qarabağın qurban verilməsinə razı olmayacaqlarını və DQ-nin heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağını qeyd ediblər. İclasdan əvvəl isə Arutunyanın Qukasyan və Saakyan ilə görüşü baş tutub. Arutunyan dünənki çıxışında "Arsax" qarşısında 3 seçimin dayandığını və onlar üçün nicat yolunun Rusiya ilə yeni münasibətlər sistemi olduğunu bildirmişdi.
Bununla bağlı Sfera.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, hazırda Paşinyana qarşı Ermənistanda ciddi ləkələmə kampaniyasına start verilib:
"Erməni millətçiləri xalqı küçələrə səsləyirlər. Mövcud vəziyyət fonunda "ev dovşanına” çevrilən Robert Köçəryan ağzına su alıb susmağa davam edir. Hesab edirəm ki, Brüssel görüşü və Moskva ilə davam edən dialoq, Bakı-London arasındakı razılaşmalar haqqında Paşinyan xəbərdardır. O, son bəyanatını ordumuzun "növbəti zərbəsindən" yayınmaq məqsədilə verib. Ermənistan hakimiyyətinin son çıxışlarından belə başa düşülür ki, Paşinyan Qarabağdakı ermənilər üçün maksimum - Azərbaycanın tərkibində ermənilərin mülki hüquqları üçün beynəlxalq zəmanət istəyir”.
Politoloq bildirib ki, Ukrayna hadisələri fonunda Rusiyanın manevr imkanları daralıb:
"Bu da rəsmi Moskvanı Türkiyə və Azərbaycan ilə münasibətlərdə ehtiyatlı addımlar atmağa sövq edir. Unutmamalıyıq ki, diplomatiyada istənilən məqbul nəticənin əldə edilməsi mümkündür. Belə olan təqdirdə, Bakının məqsədlərinə bir-bir çatacağına dair heç bir şübhə qalmır. Yeri gəlmişkən, Azərbaycanın əsas hədəflərindən biri Ermənistanın silahsızlaşdırılmasıdır. Yəni Ermənistanın gələcəkdə Azərbaycan üçün təhlükə yaratmaması üçün Hayastan ordusu buraxılmalı, yeni standartlara uyğun silahlı qüvvələr saxlanılmalı, Azərbaycan - Ermənistan sərhəddinin o tayı erməni silahlı qüvvələri tərəfindən deyil, sərhədçiləri tərəfindən qorunmalıdır. Bu ölkəyə ağır hərbi texnikalar satan dövlətlərlə bağlı nəticələr çıxarılmalıdır”.
Günay Rəsulqızı
Sfera.az