ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Rusiyanın Ukraynaya müdaxiləsinin Kremlin istədiyi kimi getmədiyini deyib.
Sfera.az bildirir ki, o, bu barədə Corciya Texnologiya Universitetində tələbələrin suallarını cavablandırarkən danışıb. Börns, Putinin Ukraynada taktiki nüvə silahından istifadə edə biləcəyi istiqamətində xəbərdarlıq edib:
"Bilirəm ki, prezident Co Bayden çox narahatdır, nüvə münaqişəsinin və üçüncü dünya müharibəsinin olma ehtimalından qaçmağa çalışır. Rusiyanın əlində bir neçə kiloton partlama gücü var – onlarda top, təyyarə və ya qısa mənzilli raketlərlə atılacaq 2000-ə yaxın taktiki nüvə silahının olduğu düşünülür. Digər tərəfdən, Rusiyanın hərbi doktrinasında nəzərdə tutulur ki, Kreml Qərblə adi münaqişədə hər şey yolunda getməsə, təşəbbüsü bərpa etmək üçün lazım gəldikdə taktiki nüvə silahından istifadə edə bilər”.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru çıxışında Rusiyanın təhlükəli, lakin tənəzzüldə olan bir güc olduğunu bildirib:
"Putin az qala mistik inanca sahibdir. Hesab edir ki, Rusiyanın təsir dairəsini bərpa etmək onun taleyidir. Bununla belə, döyüşkən və revizionist Rusiya getdikcə daha çarəsiz bir ölkəyə çevrilə bilər. Putin qəzəbli və iddialı bir liderdir, lakin özünü təhlükəsiz də hiss etmir”.
Qurum rəsmisi ABŞ prezidenti Co Baydenin onu noyabr ayında Moskvaya göndərdiyini açıqlayıb. Börns deyib ki, Bayden həmin vaxt ondan Rusiyanın Ukraynanı işğal etmək planları ilə bağlı ABŞ-ın narahatlığını Putinə çatdırmağı xahiş edib. O, həmçinin qeyd edib ki, onların Ukraynaya təqdim etdikləri kəşfiyyat məlumatları müharibənin gedişində "həyati” rol oynayıb.
Günay Rəsulqızı
Sfera.az