"Ermənistanın Baş naziri Nikol Paşinyan yaratdığımız yeni reallıqları qəbul etməyə başlayıb”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Müsahibimiz xatırladıb ki, Ermənistan 30 il idir, Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və bu illərdə dövlət başçıları arasında keçirilmiş danışıqların predmeti işğal altındakı torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi olsa da, ermənilər müxtəlif bəhanələrə və təxribatlara əl ataraq işğalı uzatmağa nail olurdu:
"Paşinyan hakimiyyətə gələndən sonra ritorikasını dəyişdi. Ümumiyyətlə, danışıqlar yolu ilə münaqişənin həll olunmasını mümkünsüz etdi. Ona görə də Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Bu gün isə yeni reallıq odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün danışıqlara başlanmasına razılıq verib. Paşinyan parlamentin iclasında da Azərbaycanın ərazi bütövlüyünün tanımaqlarından və bütün azərbaycanlıların Qarabağa qayıtmaqlarından başqa yolun olmadığını etiraf edir”.
Millət vəkili deyib ki, yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər:
"Ermənistanın rəhbərliyi artıq anlamağa başlayıb ki, onların Azərbaycanla sülh müqaviləsi imzalayaraq qonşuluq münasibətləri yaratmaqdan başqa yolu yoxdur”.
Günay Rəsulqızı