Bu ilin birinci rübündə Azərbaycanda 30 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Sfera.az bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM istehsalı real göstəricilərlə müqayisədə 6,8 faiz artdığı halda, nominal qiymətlərlə artım 58,56 faizi ötüb.
Belə ki, 2021-ci ilin birinci rübündə ölkəmizdə 18,921 milyard manat dəyərində ÜDM istehsalı olub. 2022-ci ilin birinci rübündə istehsalın nominal dəyəri 11,08 milyard manat artıb.
ÜDM-nin nominal dəyərinin artmasında neft və qaz qiymətlərinin xeyli yüksəlməsinin, eyni zamanda digər sahələri də əhatə edən yüksək inflyasiyanın böyük təsiri var.
Əgər neft və qaz qiymətlərində müşahidə edilən yüksək səviyyə ilin sonuna kimi qalarsa, bu il Azərbaycan iqtisadiyyatının nominal dəyərində yeni rekord göstərici qeydə alınacaq. Mövcud göstəricilər nəzərə alınarsa, ilin yekununda ÜDM istehsalı 120 milyard manata (70,6 milyard dollar) çatması, hətta bu məbləği ötməsi mümkündür.
Xatırladaq ki, ötən il iqtisadiyyatın nominal dəyəri 92,857 milyard manat (54,6 milyard dollar) idi.
Vasif