Son günlər Bakıda dilənçilərin aktivləşməsinə nə səbəb olub? – DİN-dən AÇIQLAMA

Media 13 Aprel 2022 | 14:08
OXUNUB: 2839
Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə restoran-kafelərin qarşısında, market ətraflarında dilənçilərin sayının artdığı müşahidə edilir. Bu isə öz növbəsində əksər vətəndaşların haqlı narazılığına səbəb olur. 
 
Hətta bəzi kafe və restoranlarda dilənçiliklə məşğul olan şəxslər birbaşa məkana daxil olur və insanlarda diskomfort yaradırlar.

Maraqlıdır, şəhər ərazisində dilənçilərin sayının artması nədən xəbər verir? Qanunvericiliyə uyğun olaraq bu "işlə” məşğul olan şəxslər hansısa formada cəzalandırılırmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev son günlər dilənçilərin daha çox artmasına səbəb kimi Ramazan ayını göstərib. DİN rəsmisi insanları həmin şəxslərə sədəqə verməməyə çağırıb:
 
"Paytaxt ərazisində əhalinin sıx olduğu ərazilər üzrə xidmətə cəlb olunan polis, naryad üzvləri tərəfindən tufeyli həyat sürən, dilənçilik edən şəxslərin profilaktikası, onların müəyyən olunaraq qeydiyyatda olduqları yerlərə göndərilməsi işi davam etdirilir. Bu, mövsümi xarakter daşımır. Son günlər şəhər ərazisində dilənçilərə daha çox rast gəlinməsi Ramazan ayı ilə əlaqədardır. Belə ki, əhali hazırkı ayda mənəvi dəyərlərə xüsusilə hörmət edərək həmin şəxslərə sədəqə daha çox verir və bu da dilənçiliklə məşğul olan şəxslərin daha çox görünməsinə səbəb olur. Diqqətə çatıdırım ki, bu şəxslərin profilaktikası, aparılan araşdırmalar göstərir ki, onların əmək qabiliyəti olsa da, asan yolla daha çox gəlir əldə etmək niyətində olurlar. Dilənçiliyin qarşısının alınması tək dövlətin aidiyyatı qurumlarının işi yox, hər bir vətəndaşın işi olmalıdır. Belə ki, dilənçiyə verilən hər qəpik onların sayını artırır və dairəni genişləndirir. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli əlaqənin olmasının əsasında onlara verilən pul dayanır. Bəzən həmin şəxslər dilənçilik qiyafəsində salfet, gül sataraq dilənçiliyin başqa yolu ilə də pul qazanmağa çalışırlar”.

Polis mayoru dilənçiliklə məşğul olan insanların müəyyən müddətə həbs olunmadığını deyərək, onların qeydiyyatda olduqları bölgələrə göndərildiklərini vurğulayıb:

"Dilənçiliklə məşğul olan şəxslər 10 gün həbs olunmur, belə bir məsələ yoxdur. Sadəcə olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun şəkildə dilənçilik edən şəxslər azyaşlıdırsa, onların valideyni müəyyən olunur və həmin şəxs barədə inzibati icraat tədbirləri görülür. Səmimi etiraf edək ki, bu tədbirlər də səmərəsizdir. Onlar barədə daha ağır hüquq norması, sanksiya olmadığına görə, fəaliyyətlərini davam etdirirlər. Onlar Bakının bəzi yerlərində 1-2 kvadrat metr ərazidə kompakt şəkildə yaşayırlar. Biz onları qeydiyyatda olduqları rayona göndəririk, lakin yenə də qayıdıb Bakıya gəlirlər. Bu istiqamətdə bizim tərəfimizdən işlər görülür”. 

Məsələnin hüquqi tərəfləri ilə bağlı fikirlərini bölüşən vəkil Turan Abdullazadə isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq dilənçilik edən insanların inzibati qaydada həbs oluna bilməyəcəyini deyib:

"Dilənçilik etmək cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcələsinin 523-cü maddəsində deyilir ki, avaralıqla məşğul olan şəxslərə xəbərdarlıq edilir, yaxud da 10 gün müddətinə inzibati qaydada həbs olunurlar. Onlar hədə-qorxu gələrək insanlardan pul istəmir, onlar rəhm istəyir. Bu səbəbdən dilənçilik cinayət məsuliyyəti daşımır. Avaralıq və dilənçilik dedikdə müəyyən yaşayış yeri və yaşayış vəsaitindən məhrum, ictimai və faydalı işlə məşğul olmayan şəxslərin xırda oğurluq və dilənçiliklə dolanması  başa düşülür”. 

Hüquqşünas dilənçilərin sayının azalması üçün sosial rifahın daha da yaxşılaşmalı olduğunu bildirib:

"Həqiqətən də market və restoranların qarşısında dilənçilərin olması narahatlığa səbəb olur. Təəssüf olsun ki, bu şəxslər Cinayət Məcəlləsi ilə hansısa məsuliyyəti daşımır. Düşünmürəm ki, yaxın zamanlarda da belə bir dəyişiklik olsun. Dilənçilərin azalması üçün sosial rifah yaxşılaşmalıdır. İnsanların sosial durumu yaxşı olmalıdır ki, dilənçilərin sayı azalsın. Bu da perspektivdə mümkün görünmür. Dövlətin bu səbəblə həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi qanunauyğun, ağılabatan olmaz”.

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man