Rus qoşunları bir çox uğursuzluqlarla üzləşdikdən sonra Kreml Aleksandr Vladimiroviç Dvornikovu Ukraynanın işğalına rəhbərlik etməyə təyin etdi.
Sfera.az "The Independent”ə istinadən xəbər verir ki, vəzifəyə 60 yaşlı generalın təyin olunması ABŞ-ın Dvornikovun Ukrayna vətəndaşlarına qarşı daha çox "müharibə cinayətləri” və "vəhşiliklər” törədəcəyi ilə bağlı proqnozlarına təkan verib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan "CNN”ə müsahibəsində bu iddia ilə çıxış etsə də, heç bir sübut təqdim etməyib.
General Rusiyanın Suriya prezidenti Bəşər Əsədi üsyançılara qarşı dəstəklədiyi Suriya vətəndaş müharibəsi zamanı qarşı tərəfə vurduğu dağıntılara görə "Suriya qəssabı” kimi tanınır.
Dvornikov 2015-ci ildə Rusiyanın Suriyadakı vətəndaş müharibəsində iştirakının lap əvvəlində Rusiya ordusunun ilk komandanı olub. Bu hadisə ona növbəti il "Rusiya Federasiyasının Qəhrəmanı” adını qazandırıb.
Dvornikovun Suriyada rus qoşunlarına rəhbərlik etdiyi dövrdə Hələb və Homs başda olmaqla, ölkənin hər yerindən qəsəbə və şəhərlər, eyni zamanda xəstəxanalar və su ehtiyatları kimi əsas infrastruktur da məhv edilib.
2020-ci ildə isə Rusiya Prezidenti Vladimir Putin Dvornikova general rütbəsi verib. İndi Dvornikov Rusiyanın Ukraynaya müdaxiləsində hərbi əməliyyatlara rəhbərlik edir.
"Centre for National Interest” analitik mərkəzinin ABŞ hərbi analitiki Harri Kazianis Dvornikov barədə danışarkən bunları deyib:
"Mənim qorxum odur ki, Dvornikova Ukraynanın şərqini ala bilməyəcəyi təqdirdə bölgəni nəhəng Hələbə çevirmək əmri verilib”.
Əzizə Zeynal
Sfera.az