"Bir neçə gündür ki, Bakı şəhərinin ictimai
nəqliyyat məlumatlarının "Google” xəritəsindən yığışdırılacağı, yəni "Google”un
Bakı üçün ictimai nəqliyyat naviqasiyasının ləğv ediləcəyi ilə bağlı məlumatlar
yayılıb”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan
İnternet Forumun prezidenti Osman Gündüz deyib.
Ekspert məlumatın mənbəyinin xeyli
vaxtdır bu işlə könüllü olaraq məşğul olan "Transit for Baku” (TFB)
layihəsinin komandası olduğunu deyib:
"Onlar bununla bağlı internetdə açıqlama da
yayıblar. Bu məsələni bir qədər araşdırdıqdan sonra belə məlum olur ki, illər
öncə adı çəkilən könüllülər "Google” şirkətinə müraciət edərək, könüllülük
çərçivəsində Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını təqdim etməyə
başlayıblar. Onlar bu xidməti vermək
üçün ilkin məlumatları müxtəlif üsullarla əldə ediblər. Əslində çox faydalı bir
addım atıblar. İctimai nəqliyyatdan istifadə edənlər üçün adı çəkilən xidmət
mühüm əhəmiyyət kəsb edir.
İndi məlum olub ki, daha doğrusu, "TFB”
komandası açıqlayıb ki, "Google” bu məlumatları xəritədən yığışdıracaq. "TFB”
komandası səbəb olaraq göstərib ki, komanda artıq məlumatları BNA-dan əldə edə
bilmir. Yəni BNA ictimai nəqliyyat məlumatlarının, marşrut dəyişikliklərinin
dərcini gecikdirir. Ədalət naminə demək
lazımdır ki, BNA-ya məxsus olan "alo141.az" portalında məlumatlandırma ilə bağlı
müəyyən işlər görülüb, bir xeyli ilkin məlumatlar var, lakin bütün bunlar
əsasən pərakəndə formadadır. Yəni bir proqramçının,
startapçının əldə edə biləcəyi, yenidən emal üçün faydalı olan açıq məlumat
bazası formasında deyil”.
Ekspert
problemdən çıxış yollarını göstərib:
"İlk növbədə BNA tərəfindən pərakəndə,
qarmaqarışıq formada, bəzən də BNA-nın hansısa xəbərlərinin içərisində verilən
məlumatlar, məsələn marşrutların dəyişikliyi, yeni marşrutlar barədə məlumatlar
və s., bir bölmədə, "alo141.az" resursunda açıq məlumat bazası formasında, emal
oluna biləcək səviyyədə verilməsi doğru olardı. Belə olarsa, TFB və ya hansısa
digər bir startap bu bazadan istifadə edib əlavə dəyərlər yarada bilər. Bir
sıra ölkələrdə olduğu kimi, BNA özü bir dövlət qurumu olaraq, elə TFB
komandasını da layihəyə cəlb etməklə "Google” resurslarına və ümumiyyətlə digər
qlobal xəritə xidmətlərinə məlumatları emal edərək özü təqdim etməlidir”.
Əzizə Zeynal
Sfera.az