Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda
maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə
baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib.
Maraqlıdır, ilkin olaraq hansı istiqamətdə maska tələbi
ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Fazil
Mustafa yemək verilməyən qapalı ortamlarda maska tələbinin ləğv edilə biləcəyini
deyib:
"Açıq məkanlarda maska tələbinin olması mütləq
deyil. Qapalı məkanlarda isə bəzi yerlərdə maska tələbi qüvvədə qalmalıdır. Müəyyən qapalı
yerlərdə maska tələbi ləğv edilə bilər. Məsələn, toy-yas yerləri elədir ki,
burada maska taxmaq məsələsi bir qədər absurddur. Belə yerlərdə maskaya nəzarəti
gerçəkləşdirmək mümkün olmur. Lakin iclas və auditoriyalarda keçirilən tədbirlər
üçün maska tələbi ola bilər.
Ümumilikdə yemək məclisi qurulmayan auitoriyada maska
tələbi qala bilər. Hər halda bu istiqamətdə müəyyən işlər görülür və müvafiq qərarlar
veriləcək”, -deyə müsahibimiz qeyd edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin
koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər
müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını
təşkil edir.
Əzizə Zeynal
Sfera.az