"Ukrayna-Rusiya arasında 23 fevrala qədər gərgin diplomatik mübarizə getdiyi dövrdə belə Azərbaycan hər iki dövlətlə münasibətləri mümkün qədər balanslaşdırılmış formada qoruyub saxlamağa çalışırdı”.
Bunu Sfera.az-a açıqlamasında "Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev deyib. Müsahibimiz bildirib ki, Azərbaycanın xarici siyasətində hər zaman Ukraynanın ərazi bütövlüyü bizim üçün vacib element olub və bütün platformalarda Ukraynanın ərazi bütövlüyü məsələsi və Krımın Rusiya tərəfindən ilhaq edilməsinə birmənalı olaraq etiraz etmişik:
"Hətta bununla bağlı Azərbaycan Krım platformasına da qoşulan dövlətlərdən biri idi. Ona görə də hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı məsələsində Azərbaycanın mövqeyi birmənalıdır. Bu gün də eyni mövqedən çıxış edirik. Eyni zamanda Rusiya ilə də münasibətləri daim normal saxlayıb strateji müttəqiflik səviyyəsinə yüksəltməyi bacarmışıq. Xüsusilə də, 22 fevral tarixli əməkdaşlıq, qarşılıqlı fəaliyyətə dair Moskva bəyannaməsinin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri daha üst pilləyə - strateji müttəfiqlik mərhələsinə keçdi. Bir çox istiqamətlərdə Rusiya və Azərbaycan qarşılıqlı şəkildə öhdəliklər götürdülər. Xüsusilə də daxili işlərə qarışmamaq, dövlətlərin müstəqil xarici siyasət yeritməsinə hörmətlə yanaşmaq, dövlətlərin daxilində separatizmə və terrorizmə qarşı mübarizəyə birgə dəstəyin verilməsi ilə bağlı, eyni zamanda bir çox istiqamətlə, iqtisadi əməkdaşlıqla əlaqəli öhdəliklər götürdü. Bununla da Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə bərabər səviyyəli münasibətlərin qurulması üçün ortaya nümunə qoymuş oldu”.
Politoloq qeyd edib ki, Türkiyə və Azərbaycanın sərgilədiyi oxşar yanaşma hər iki ölkəyə Ukrayna və Rusiya dövlətləri, siyasi elitaları arasında ciddi inamın, etimad mühitinin formalaşmasına gətirib çıxardı:
"Bu gün məhz Azərbaycanın nümayiş etdirdiyi mövqe Ukrayna və onun siyasi rəhbərliyi tərəfindən daim təqdir edilib. Xüsusilə Azərbaycan dövlətinin mütəmadi olaraq Ukraynaya qarşı hərbi müdaxilə dövründə humanitar yardımların göstərilməsi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə Azərbaycan dövlət dairələri tərəfindən bəyan edilməsi təqdirlə qarşılanıb. Həmçinin Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalar blokuna qoşulmaması bu ölkə tərəfindən də müsbət qəbul edilib. Bu mənada düşünürəm ki, ölkəmizin regionda baş verən proseslər fonunda hər iki dövlətlə saxlaya bildiyi məsafəni və beynəlxalq hüququn prinsiplərinə uyğun əlaqəsini yüksək qiymətləndirmək lazımdır. Bu, Azərbaycanın və onun lideri İlham Əliyevin soyuqqanlı, düşünülmüş və ardıcıl ağıllı siyasi fəaliyyətinin nəticəsidir. Azərbaycan dövlətinin Rusiya-Ukrayna münasibətlərində sərgilədiyi mövqe, yeritdiyi siyasət digər bir sıra ölkələr üçün də nümunəyə çevrilməlidir. Onu da qeyd edim ki, bir çox Avropa dövlətləri artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ciddi zərərlər çəkməyə başlayıblar. Dünya mətbuatında isə Azərbaycan və Türkiyənin sərgilədiyi bitərəf, balanslı mövqeyin daha düzgün olması ilə bağlı təəssürat formalaşıb”.
MÖVZU: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.
Günay Rəsulqızı
Sfera.az
--