Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham
Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil
edilən görüşdən sonra Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması
məsələsi aktuallaşıb.
Bu prosesin
sürətləndirilməsini zəruri edən məsələlərdən biri də sözgedən qüvvələrin
tez-tez təxribatlara əl atmasıdır.
Maraqlıdır, erməni
silahlı qüvvələrinin çıxarılması yaxın zamanlarda gerçəkləşə biləcəkmi?
Mövzu ilə bağlı
Sfera.az-a danışan deputat Naqif Həmzəyev sülhməramlıların təxribatçıları
zərərsizləşdirməli olduğunu bildirib:
"44 günlük
müharibədə Azərbaycanın zəfər qazanması regionla bağlı yeni reallıqlar yaradıb.
Ermənistanda bu reallıqlarla barışmaq istəməyən, revanşist ideyalarla yaşayan
qüvvələr isə regionda davamlı sülhün yaranmasına təhdid olaraq qalmaqdadır.
Onlar Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, itirilmiş hesab etdikləri
torpaqları yenidən geri almaq istəyirlər. Təəssüflər olsun ki, məlum hadisə də
bu məqsədə xidmət edir. Lakin istənilən halda regionda xidmət aparan Rusiya
sülhməramlıları baş verənlərdən nəticə çıxarmalı və ermənilərin Azərbaycan
ərazisindəki qeyri-qanuni birləşmələrini zərərsizləşdirmək yönündə hərəkətə
keçməlidir”.
Millət
vəkili əks halda Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququnu
özündə saxladığını xatırladıb:
"Baş verənlərlə
bağlı tədbirlər görülməyəcəyi təqdirdə Azərbaycanın antiterror əməliyyatı
keçirməyə tam hüququ çatır. Lakin prosesin bu məcrada inkişaf edəcəyini
düşünmürəm. Belə ki, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata
keçirilməsi, komissiyanın fəaliyyətinin nəticələri qısa müddətdə hər kəsə məlum
olacaq. Belə ehtimal var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın
və sülh danışıqlarına başlanılsın.
Azərbaycan öz mövqeyində qətidir. Bu tarixdən
sonra bizim üçün regionda sülh və sabitlik lazımdır. Regionda
kommunikasiyaların açılması, iqtisadiyyatın inkişafı, insanların sosial rifahının
yaxşılaşdırılması prioritetdir. Ermənistan tərəfi də bunu anlayır. Əgər onlar
Azərbaycanın sülh təklifini qəbul etməsələr, özlərinin acı aqibətlərini
sürətləndirmiş olacaqlar”.
Əzizə Zeynal
Sfera.az