4 saat davam edən Brüssel görüşü: Bakı nəyə nail oldu? - Müxtəlif siyasi MÖVQELƏR

Media 07 Aprel 2022 | 14:20
OXUNUB: 1432
Gözlənildiyi kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirildi.
 
Görüşün 4 saat davam etməsi tərəflərin prinsipial məsələlərlə bağlı ciddi fikir mübadiləsi apardıqlarının göstəricisidir.

Maraqlıdır, tərəflər 4 saat davam edən Brüssel görüşündə nələri müzakirə edib?

Hansı istiqamətdə razılığa gəlinib?

Rusiya Brüssel görüşün nəticələrinə müdaxilə edəcək?

Sfera.az mövzu ilə bağlı azərbaycanlı politoloq, siyasi ekspert və analitiklərin fikirlərini təqdim edir.
 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov – Rəsmi Bakı İrəvana verdiyi 5 şərt və Fərrux yüksəkliyində bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu. Eyni zamanda Ukrayna hadisələri fonunda Azərbaycanın Avropanın gələcəyi üçün artan logistika - kommunikasiya və enerji təhlükəsizliyindəki rolu da diqqətdən kənara atılmamalıdır.

Ukraynaya göndərdiyi SU-30 və bu fonda dünən Blinkendən irad alan Nikol Paşinyan Brüsselə heç bir siyasi, iqtisadi gündəlik olmadan ayaq basdı. Onun baqajında isə erməni müxalifətinin 1 gün əvvəl keçirdiyi 20 minə yaxın mitinq var idi.

Görüşün 4 saat baş tutması o deməkdir ki, əslində iki tərəf arasında müzakirə edilən və bəlkə də razılaşdırılan mövzular daha genişdir, sadəcə Bakı və İrəvan mərhələli şəkildə sülh prosesinin formalaşmasına razılıq verib.
 

 
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu – Liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür.

Liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsi ilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir. Bu daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbrli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən. Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək.
 


"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov– 14 dekabr 2021-ci ildən sonra bu tərəflər arasında ikinci görüşdür. Birincidən fərqli olaraq ikinci görüş nisbətən optimist mühitdə keçdi. Son zamanlar Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə başının qarışdığı bir vaxtda Ermənistan tərəfindən rəsmi Bakıya sülh mesajlarının verilməsi də mühüm məqamdır. Nəzərə alsaq ki, II Qarabağ savaşından bəri Azərbaycan tərəfi daima qarşı tərəfə sülh mesajları vermiş, amma bu mesajlar cavabsız qalıb. Əlbəttə bir müddət öncə hər iki tərəf qarşılıqlı şəkildə sülh üçün özlərinin təkliflərini irəli sürüb və bu təkliflər daha çox tərəflərin öz maraqlarını təmin etməyə hesablanıb. Xüsusilə də burada Ermənistan tərəfinin təklifləri daha çox diqqəti cəlb edir.

Daha bir məqam Rusiyanın başının Ukraynada apardığı işğalçı müharibəyə qarışdığı vaxtda Qərbin Ermənistan-Azərbaycan arasında vasitəçilik təşəbbüsünü ələ almaq cəhdləridir. Əlbəttə ki, Qərbin burada bir çox marağı var. İlk növbədə iqtisadi maraqların təmin edilməsidir. Xüsusilə burada ilk yada düşən qaz məsələsidir. Yəni Azərbaycan qazının Avropa məkanına daha təhlükəsiz çıxarılması Aİ üçün əsas prioritetlərdən hesab edilir. Rusiya-Ukrayna müharibəsi fonunda bu məsələ daha da aktuallaşır.
 


Siyasi şərhçi Asif Nərimanlı – Brüssel görüşündə iki mühüm razılaşma əldə olundu:

Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb;

İkincisi, sərhədin delimitasiya və demarkasiyadır: tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir.

Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki:   

- İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini "əlavəsiz” qəbul edib. Bəyanatda "status”, yaxud "münaqişə”yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir;

- Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək; bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur.
 


Siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov – Cənab Mişelin görüşə dair yaydığı bəyanatın ruhu nikbin notlar üzərində köklənib, ancaq sülh sazişinin hazırlanması prosesində Rusiya ilə konfrontasiyaya gedə bilmək riski də nəzərə alınıb. Buna görə də bəyanatda 10 noyabr, Soçi bəyanatlarının icrasının vacibliyi önə çəkilib.

Bu, Rusiyanın da vasitəçilik missiyasına vurğudur, prinsipcə burada Azərbaycan üçün təhlükəli sayıla biləcək sərhəd yoxdur və Bakının məsafəli siyasət kursuna uyğundur.

Avropa İttifaqı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün atdığı addımlarda səmimidir,. Hərçənd ki, Fransa ara-sıra sürüşkən mövqelərə əsaslanır.

Avropa Birliyi ən çox iqtisadi formatda iştirakını gücləndirir, bu isə onu Rusiya ilə maraq toqquşması səhnəsindən bir qədər uzaqlaşdıran amildir.
 
Turan Rzayev
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man