Ukraynanın
Buça şəhərində baş verən faciənin pərdəarxası məqamları ortaya çıxıb.
Sfera.az
bildirir ki, şahidlərin ağlasığmaz hadisə ilə bağlı açıqlamaları gündəmin
müzakirə obyektinə çevrilib. Həmin şəxslər dünyanın müxtəlif media orqanlarına
bu barədə danışıblar.
"Əl bombası ilə parçalara ayrıldı”
53
yaşlı Mikola doğma şəhərinin küçələrində vəhşicəsinə reallaşan edamların şahidi
olduqdan sonra bir ay əri ilə birlikdə mənzilinin soyuq və qaranlıq zirzəmisində
gizlənib. Mikolanın sözlərinə görə, ruslar yaşı 50-dən aşağı olan bütün kişiləri
öldürüb və onlara 20 dəqiqə ərzində dostlarını dəfn etməyi əmr ediblər. Onun isə
dostlarından ikisini gözünün qabağında güllələyib, digərini qumbaraatanla
parçalayıblar. Günlərlə toxunulmamış qalan bədən hissələrini Mikola çantaya
yığaraq qəbirdə basdırıb.
"Nümunə olsun deyə edam etdilər”
Digər
şahid Vanya Skiba "The Economist”ə açıqlamasında deyib ki, ruslar bir qrup
inşaatçı toplayıb onlara lüt soyunmağı və üzüstə yerə uzanmağı əmr edib: "Əsgərlər
onların bədənlərində və telefonlarında hərbi döymələr və ya anti-Rusiya əhval-ruhiyyəsinə
dair dəlil axtardılar. Həmin şəxslərdən biri digərlərini danışdırmaq üçün nümunə
kimi öldürüldü. Başqa birisi Donbasda yerləşən Ukrayna qüvvələrinin üzvü
olduğunu etiraf etməyə məcbur oldu və edam edildi. Digərləri rus əsgəri tərəfindən
öldürülmək əmri verilənə qədər işgəncələrə məruz qaldılar”. Skiba özü də hadisə
zamanı yaralanıb. Rus əsgərləri hasardan keçərək yaxınlıqdakı evə qaçana qədər
o, beton döşəmədə ölü kimi davranıb. Daha sonra onu başqa bir bölmədən olan
ruslar tapıblar, yenidən güllələndiyi anbara aparıblar və sərbəst buraxılana qədər
onlarla qadın və uşaqla orada qalıblar.
"Sorğusuz-sualsız başından güllələndi”
Vəhşi
qətllərdən sonra yerli sakinlər bildiriblər ki, Putin ordusu həlak olan mülki şəxslərin
evlərinə basqın edib, onların spirtli içkisini içib, əylənib və əşyalarını
oğurlayıb. 72 yaşlı Vladimir Abramov isə rus əsgərlərinin evin giriş qapısını
sındırıb atəş açaraq binaya qumbara atmasından sonra 48 yaşlı qızı İrina və
onun 40 yaşlı əri Oleqlə birlikdə evdən qaçıb. Lakin Vladimirin kürəkəni rus əsgərlərinin qarşısında diz çökməyə məcbur
edilib və heç bir sual belə verilmədən başından güllələnib. Oleqin cəsədi
qohumu tərəfindən götürülənə qədər bir ay orada qalıb.
"Atam başını mənə tərəf çevirdi və...”
Martın
17-də 14 yaşlı Yuri Neçiporenko və onun atası, 49 yaşlı vəkil Ruslan velosipedlə
şəhər administrasiyasının binasına gedərkən kömək istəmək üçün rus əsgəri
onları saxlayıb. Yuri "BBC”yə dəhşətli hadisəni bu sözlərlə izah edib: "Biz
onlara heç bir silahımızın olmadığını dedik. Sonra atam başını mənə tərəf çevirdi və o
zaman güllələndi... Sinəsindən, ürəyinin olduğu yerdən iki dəfə vuruldu və yerə yıxıldı. Mən isə əlimdən, qolumdan güllələndim.
Başıma yönələn üçüncü güllə səsini eşitdim, lakin dəymədi. Rus əsgəri gedəndən
sonra ayağa qalxıb qaça bildim”.
"Öldürməmişdən qabaq yanağını kəsdilər”
Müharibə
başlayanda anası və nənəsinə qulluq etmək üçün Buçaya qayıdan Vladislav
Kozlovski "The Telegraph”a deyib ki, tanıdığı iki nəfər tərk edilmiş şüşə
fabrikindən qaçmağa cəhd edib, lakin ruslar tərəfindən tapılıb. Biri başının
arxasından güllə yarası alıb, digərinin isə ürəyindən güllə yarası almamışdan əvvəl
yanağını kəsiblər. Sergey Malik "The Independent”ə rus əsgərlərinin martın 25-də
89 yaşlı qonşusu Alla Minoravanı yatağında necə güllələdiyindən danışıb: "Onu
niyə vurduqlarını demədilər. Səbəb tapmaq çətindir... Burada qətllərin çoxu mənasızdır,
onun kimi qocaları, cavan oğlanları, qızları öldürürdülər”.
Uşaq bağçasının
döyüş sənəti üzrə müəllimi Taras Şevçenko isə, "The Guardian”a bu tipli növbəti
qətl barədə danışıb. Onun sözlərinə görə, yaşlı cütlük yolu keçərkən rus hərbçiləri
tərəfindən saxlanılıb və suallardan birinə "aqressiv” cavab verən qoca güllələnib.
Qeyd
edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad
etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi
komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə
yetirilməsini "təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri
neonasistlərin törətdiyini iddia edib.
Günay
Rəsulqızı
Sfera.az