Aprelin 6-da Belçikanın paytaxtı
Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri
Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu. Avropa İttifaqı (Aİ)
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil edilən görüş sayca
ikinci üçtərəfli görüş idi. Bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci
ildə keçirilmişdi. Bu mənada deyə bilərik ki, Prezident İlham Əliyev və Şarl
Mişel tərəfindən Brüssel sülh gündəliyi əvvəldən formalaşdırılmışdı. Bunun
davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıl,dı telefon danışıqları
keçirildi.
Görüş
necə keçdi?
4 saatdan artıq davam edən Brüssel
görüşünü ümumi olaraq müsbət qiymətləndirmək olar. Görüş sonrası Prezident
Mişel də "Twitter" hesabında paylaşım edərək görüşü məhsuldar adlandırıb. Bununla
belə görüşün 4 saat çəkməsi həm də tərəflər arasında müzakirələrin gərgin
atmosferdə keçdiyini deməyə əsas verir.
Tərəflər görüş zamanı sülh müqaviləsinin
reallaşması üçün öz istəklərini bəyan ediblər. Prinsip etibarilə Azərbaycan 5 bəndlik
sülh təkliflərini Ermənistana çox öncədən təqdim edib. Bu mənada görüş zamanı rəsmi
Bakının tələblərini öncədən təxmin etmək mümkün idi.
Brüssel
görüşündə rəsmi Bakı nəyə nail oldu?
Brüssel görüşünü bir neçə aspektdən
Azərbaycan üçün uğurlu hesab etmək olar.
Birincisi,
tərəflər arasında sülh sazişinin hazırlanmasına dair razılıq əldə olundu.
Belə
ki, tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı
tapşırıq verilməsi üzərində razılaşıb. Dünən axşam jurnalistlərin suallarını
cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı
prosesin məhz bu gecə başladığını bildirib. Yəni demək olar ki, artıq proses
başlayıb.
İndiki məqamda sülh sazişinin
hazırlanması ilə paralel imzalanması da mühüm məqamdır. Bu isə Ermənistan tərəfinin
şərtlərindən asılı olacaq. Azərbaycan tərəfinin şərtləri, tələbləri bəllidir. Rəsmi
İrəvanın ütopik istəkləri prosesi uzada bilər.
İkincisi,
sərhədin delimitasiya və demarkasiya məsələsidir.
Belə ki, tərəflər 26 noyabr
2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə
komissiyanın yaradılmasına razılaşıb. Sərhədin delimitasiya və demarkasiyası rəsmi
Bakı üçün hazırda prioritet məsələdir. Ancaq bu məsələ ilə bağlı danışıqlara
başlanılması bir neçə bəyanatda əks olunsa da, Ermənistan qəbul etdiyi bəyanatlara
zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Hesab edirəm, ilk
növbədə bu məsələ öz həllini tapmalıdır.
Üçüncüsü,
ölkələr arasında kommunikasiyaların bərpasıdır.
Avropa İttifaqı dəmir yolu əlaqələrinin
bərpası istiqamətində atılan addımları dəstəkləyərək, avtomobil yolu əlaqəsinin
də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhlizinin
reallaşması baxımından da vacib yanaşmadır.
Azərbaycan üçün Zəngəzur dəhlizinin
icrası hazırda hər şeydən vacibdir. Ancaq Ermənistan tərəfi bu məsələdə də süni
maneələr yaradır. Misal üçün, Brüsseldə
2021-ci ilin dekabrın 14-də keçirilən görüşdə qəbul olunan ortaq bəyanatda dəmiryolunun
fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunsa da, rəsmi İrəvan hələlik heç
bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən
dəmiryolunun çəkilməsi ilə bağlı Tehranla memorandum imzaladı. Halbuki Zəngəzur
dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq
yükdaşımalarda gəlir əldə etməyə imkan verə bilərdi. İrəvanın düşünülməmiş
siyasəti ona gətirib çıxardı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə
reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb.
Bununla belə hesab edirəm ki, hazırda
bu ölkədə Zəngəzur dəhlizinin icrasını istəyən qüvvələr də mövcuddur. Bu
reallığı nəzərə alıb Ermənistana təzyiqləri davam etdirmək lazımdır.
Dördüncüsü,
sənəddə Dağlıq Qarabağ ifadəsi və ya ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dair
heç bir istinad yoxdur. Halbuki Ermənistan tərəfi israrla prosesin ATƏT
formatında həllini istəyirdi.
Rəsmi İrəvanın bu tələbdən nəyi
umduğu bəllidir. Bakı üçün bu fəaliyyətsiz qurumun iştirakının heç bir əhəmiyyəti
yoxdur. Görünür Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də bu qənaətdədir.
Rusiya
Avropa masasındakı razılaşmaya müdaxilə edəcəkmi?
Brüsseldə vurğulanan bəndlər Azərbaycanın
xeyrinə olsa da. icrasının tez və ya gec baş tutması sual yaradır. Ümumiyyətlə, Avropa İttifaqının vasitəçilik təşəbbüsünü səmimi hesab edirəm, ancaq Rusiya
amilini də nəzərə almaq lazımdır.
Kremlin Brüsselin Azərbaycanla Ermənistan
arasındakı vasitəçiliyinə mane olmağa çalışacağını düşünmürəm. Çünki Brüseel
görüşündə Avropa İttifaqı Bakını məmnun edəcək konstruktiv addımlar atdı. Bu
Kremlin vasitəçiliyini təhlükə altına atır. Rəsmi Moskva Brüsseldən geri
qalmamaq üçün yaxın vaxtlarda Soçi və ya Moskvada Brüssel bənzəri 3-lü bir
görüş təşkil edə və bu görüşdə daha müsbət addımlar ata bilər. Misal üçün, 10
noyabr bəyanatının 4-cü bəndinin icrası kimi.
Rəsmi Bakı üçün bu məqam çox
vacibdir. Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramalılarının müvəqqəti
səlahiyyət zonasına aid ərazilərdən çıxarılması Bakını məmnun edə bilər.
Turan Rzayev
Sfera.az