Bu gün Azərbaycanın dünya şöhrətli yazıçısı, nasir, publisist Çingiz Abdullayevin doğum günüdür. Yazıçının 63 yaşı olur.
Sfera.az bildirir ki, Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. O, Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. İlk fəaliyyət illərinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, sonra böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.1984-1986-cı illərdə Bakı şəhəri Əzizbəyov rayonu İcraiyyə Komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
O, ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. 1983-cü ildən etibarən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə çıxış edib. Əsərləri müxtəlif dillərə tərcümə olunub. Çoxlarına qəribə görünsə də, əslində yazıçı hüquqla ədəbiyyatı birləşdirərək detektiv əsərlərin yaranmasına və dünyaya yayılmasına nail ola bilib.
Rus dilində yazan Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.
Özünü detektiv yazar kimi görən və bütün dünyada əsərləri oxunan Çingiz Abdullayevin qələmindən çıxan məhsullara kino da biganə qalmayıb. Ssenariləri əsasında bir çox filmlər "Dronqo”(2002), "Məhkumlar”(2007), "Tərsinə çevrilən dünya”(2011), "Xeyirlə şərin rəqsi”(2016) və s.) ərsəyə gəlib. Bəhs etdiklərimiz yazıçının yaradıcılığının sadəcə kiçik bir qismidir.
Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Türkan
Sfera.az