Ötən gün Ermənistanda müxalifət genişmiqyaslı etiraz aksiyası keçirib.
İrəvanın mərkəzində keçirilən mitinqi parlamentin müxalif "Ermənistan” və "Şərəfim var” fraksiyaları təşkil edib. Digər tərəfdən, mitinq getdiyi vaxt Paşinyanın Brüsselə səfəri başlayıb, onun ABŞ Dövlət Katibi Blinkenlə telefon danışığı baş tutub. Müxalifət isə sabahdan regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış edib. Onlar Paşinyanın istefası üçün tədricən ümümxalq mitinqlərinə başlamaq niyyətindədirlər.
Bununla bağlı Sfera.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, baş verən hadisələrdə diqqətdən yayınmayan əsas bir fakt var:
"Azərbaycan və Ermənistan liderlərinin bu günkü görüşünə bir neçə gün qalmış gözlənilmədən müxalifətin 2 siyasi bloku küçə mitinqlərinin keçirilməsinə qərar verir. Serj Sarkisyan hansı ki, 4 il ərzində evdə oturub hadisələri seyr etməyə üstünlük verirdi, indi "küçə ulduzu" olmaq iddiasına düşüb. Təbii ki, baş verənlər ABŞ-Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil edilməlidir. Ukraynada baş verənlər və Qafqazda son proseslər fonunda Vaşinqton yaxın aylar ərzində Nikol Paşinyana maksimum dəstək verəcək və onun zor gücü ilə hakimiyyətdən getməməsi üçün əlindən gələni edəcək. ABŞ Saakaşvili - İvanişvili "səhvinin" Ermənistanda təkrarlanmaması üçün Paşinyanın daxili auditoriyada reytinqini qoruyacaq addımlar atmağa cəhd göstəriləcək. Bu isə o deməkdir ki, Qarabağın dağlıq hissəsi və demarkasiya-delimitasiya məsələlərində yaxın 6 ayda ABŞ tərəfindən status-kvonun qorunmasına üstünlük veriləcək”.
Politoloq qeyd edib ki, diqqət yetirməli digər məqam 9 aprel Moskvada baş tutmalı olan Putin-Paşinyan görüşü ilə bağlıdır:
"Görünən odur ki, Rusiya Ermənistandan yeni qarantiyalar və imzalanacaq sənədlər istəyir. Paşinyan isə 2 ay idi ki, vaxt aparmaqla məşğul idi. Nikolun Moskva qarşısında vaxt uzatması Fərrux yüksəkliyi ilə bağlı vəziyyətin dəyişməsinə və mitinqin baş tutmasına gətirib çıxartdı. Mövcud reallıqlar fonunda yaxın aylar ərzində Azərbaycan və Ermənistan arasındakı danışıqlarda humanitar məsələləri çıxmaq şərti ilə, xüsusilə siyasi mövzularda hər hansı irəliləyişin olması gözlənilmir. Çox güman ki, bu dəfə də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişel tərəfindən təkbətək söhbət etmələrinə imkan yaradılacaq. Paşinyan ağıllı olsa, yeganə xilas yolu olan tərəflə açıq söhbət edər”.
Günay Rəsulqızı
Sfera.az