ABŞ-ın sabiq prezidenti Donald Trampın sosial media platforması fiaskoya uğrayıb.
Sfera.az bildirir ki, "Truth Social” adlı platformanın Android telefonlarında istifadə edilmədiyi, internet brauzerlərində açılmadığı və ABŞ xaricində bir çox yerdən endirilə bilmədiyi qeyd olunub. Nyu York Universitetinin Sosial Media və Siyasət departamentinin rəhbəri Coşua Traker proqramın indiyə qədərki fəaliyyətini "tam bir fəlakət" kimi qiymətləndirib.
Fevralın 21-də "App Store”a yüklənən proqram ən çox yüklənənlər sırasında yer alsa da, onu quraşdıran bir çox insan proqramdan istifadə edə bilmədiyini deyib. Problemin tezliklə həll olunacağını və Trampın "öz həqiqətlərini” yazmağa başlayacağını gözləyənlər isə kifayət qədər olub.
Digər tərəfdən, "Truth Social”ın idarəedici direktoru Devin Nunes hədəflərinin mart ayının sonuna qədər tam fəaliyyətə keçmək olduğunu açıqlamışdı. Lakin praktikada yaşanan problemlər mütəxəssisləri təəccübləndirib. Bəziləri problemin "YouTube”a bənzər video paylaşma platforması olan və "Truth Social” ilə əməkdaşlıq edən "Rumble”dan qaynaqlana biləcəyini deyib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən ilin oktyabrında "inqilabi" texnologiya şirkəti quracağını bildirmişdi.
""Taliban"nın "Twitter”də varlığını ciddi hiss etdiyimiz, amma ən sevdiyiniz Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq”, - deyən Tramp qeyd etmişdi ki, yeni platform hər kəsə düşüncələrini paylaşmaq imkanı verəcək.
Günay Rəsulqızı
Sfera.az