Bakının mərkəzindəki bu heykəlcik niyə ikicinsiyyətlidir? - Milyonçuların mülklərindən FOTOREPORTAJ

Media 04 Aprel 2022 | 14:13
OXUNUB: 6044
Bakının düz mərkəzində yerləşən, yanından keçərkən diqqət yetirmədiyimiz binaların əksəriyyətinin əslində keçmiş neft maqnatlarının mülkləri, milyonerlərin gəlir evləri olduğu yəqin, çoxlarına məlum deyil. Əslində kasıb ailələrin nümayəndələri olan, ali təhsil ala bilməyən bu milyonçular XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edən neft bumu zamanı xüsusilə Polşa, Rusiyadan memarlar dəvət edərək hazırkı tarixi məkanların təməlini qoyublar. 
 
Sfera.az-ın əməkdaşı tur çərçivəsində neft maqnatları, o cümlədən həmin dövrün zəngin nümayəndələrindən bizə yadigar qalan mülklərdə, yaşayış evlərində olub. Sözügedən məkanlarla bağlı maraqlı detalları təqdim edirik:
 
Divarlara gizlənmiş tarix 
 
İlk ziyarət etdiyimiz yer vaxtilə Bakıda vəkil kimi fəaliyyət göstərən Nikolay Tarasovun mülkü oldu. Zamanında geniş həyəti olan məkan Sovet dövründə mənzillərə bölünərək yaşayış evinə çevrilib. Hazırda burada aktyorlar, rəssamlar, müxtəlif sənət adamları yaşayır. 
 
 
1918-ci il hadisələrindən sonra hökumət mülkləri milyonerlərin əlindən alıb, eləcə də arxivlər yandırılıb. Ona görə bu mülk və sahibi haqda da ətraflı məlumat yoxdur. Tarasovun 1918-ci il qırğınları zamanı öldürüldüyü mülkün də başqa adamın adına keçdiyi bildirilir. 
 
Bu, binanın divarlarında müxtəlif rəsm əsərləri əks olunsa da, üzəri boyalı olduğuna və təmizlənmədiyinə görə görmək mümkün deyildi. Tikilinin memarı məlum deyil. 
 
 
 
Qəbirlər üzərində salınmış Səadət Sarayı
 
Haqqında maraqlı məlumat əldə etdiyimiz yerlərdən biri də Səadət Sarayı oldu. Əksəriyyətə bəllidir ki, bu bina məşhur milyonçu Murtuza Muxtarov tərəfindən xanımı üçün tikilib. Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Binanın qapısında qulluqçuların onları qarşıladığını görən və sarayın ona bağışlandığını eşidən qadın heyrətindən nə deyəcəyini bilmir. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. 
 
 
Deyilənə görə, Muxtarov bunu binanı tikdirməmişdən qabaq, həmin ərazidə müsəlman qəbirləri olub. Səadət Sarayının fundamentini qazanda həmin qəbirlərə rast gəliblər və bunun üzərində ev tikməyin yanlış olduğunu bildiriblər. Ancaq Muxtarov belə şeylərə inanmadığını deyərək tikintini davam etdirib. İnanclara görə, Muxtarovun və ailəsinin aqibətinin də yaxşı olmaması bununla əlaqələndirilir. Belə ki, Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir. Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nikah evi kimi istifadə olunub.  
 
Üçüncü mərtəbədə qətl
 
Növbəti mülk Teymur bəy Qulubəyov və Nəcəfqulu Məmmədovun evi idi. Bu milyonçular Tağıyev, Nağıyev qədər məşhur insanlar deyildilər. Amma sözügedən şəxslər də Bakı neft bumu dövründə - 1870-ci illərdə torpaq sahəsi alanlar sırasında yer alıblar. Teymur bəy zadəgan ailəsindən idi, Nəcəfqulu isə onun qulluqçusu. Neft sayəsində daha da varlanan Teymur bəy köməkçi kimi ən yaxınını – Nəcəfqulunu yanına götürüb. Təəssüf ki, hər iki dostun taleyi kədərli sonlanıb.
 
1918-ci ildə mart hadisələri zamanı Teymur bəy Mərdəkandan Bakıya qayıdırdı, yolda onu və faytonçunu bıçaqlayıb cəsədlərini neft quyusuna atırlar. Bir neçə aydan sonra isə Nəcəfqulu Məmmədovu elə ziyarət etdiyimiz bu mülkdə öldürüblər – Kimsə evin qapısını açıq saxlayıb, naməlum şəxs 3-cü mərtəbəyə, onun yaşadığı mənzilə qalxaraq onu bıçaqlayıb, lakin ailəsinə toxunmayıb.
 
İkicinsiyyətli heykəlcik

 
Bəlkə də dəfələrlə yanından keçib, detallarına fikir vermədiyimiz daha bir binaya üz tuturuq. Söhbət Dmitri Mitrofanovun mülkündən gedir. Hansı ki, bura gəlir evi kimi istifadə üçün nəzərdə tutulmuşdu. Hələ içəri daxil olmadan, tur rəhbəri diqqəti binanın yuxarı hissəsində daşa oyulan heykəllərə yönəltdi  – yarı kişi, yarı çılpaq qadın olan heykəlciklər. Bu əl işi antik yunan mifologiyasından ilham alınaraq hazırlanıb. Ümumiyyətlə, bina müxtəlif mifik məxluqlarla bəzədilib. Bu heykəllərin bildiyimiz qədərilə, heç bir gizli mənası yoxdur. Zamanın dəbinə uyğun olaraq digər binalar kimi buranı da bəzəyərkən Yunan  və Roma mifologiyasına müraciət edilib. 
 

 
D.Mitrofanov əslən rus olub. O, neft bumu dövründə atası ilə birlikdə Bakıya gəlib. Əvvəlcə neft mədənlərinin birində işləyən Mitrofanov qısa müddət ərzində pul toplaya bilib və öz emalatxanasını açıb. 36-37 yaşların artıq o, milyonçu idi. Digər milyonçulardan fərqli olaraq Dmitri öldürülməyib, 1916-cı ildə ürək xəstəliyindən dünyasını dəyişib. Erkən vəfat etdiyinə görə evlənə bilməyib. Bu gəlir evini isə 1920-ci ildən sonra mənzillərə bölüblər.
 
Afrodita heykəlli binanın kədərli tarixçəsi
 
Bakıda üzərində Afrodita heykəli olan bina görmüsünüz? Şəhərin düz mərkəzində yerləşən, 1888-ci ildə tikilən bu bina Adamovlara məxsus olub və gəlir evi kimi istifadə edilib. Adamovlar ailəsinin üzvlərindən biri qumar oynamağa başlayıb və bu bütün ailə üçün kədərli sonluq hazırlayıb. Onlar axırda bu evi satmaq məcburiyyətində qalıblar. Mariya və İosef Babayevlər - bir yəhudi ailəsi mənzilin yeni sahibləri olublar. Onlar da Adamovların işini davam etdirərək evin otaqlarını kirayə veriblər.
 
 
 
1890-cı illərdə Alexandr Mantaşov adlı neft milyonçusu evin ikinci mərtəbəsini kirayə götürüb. Mantaşov həmin dövrdə yerli aktrisa ilə münasibətdə imiş. Vərəm xəstəliyinə tutulan aktrisa dəfələrlə milyonçunun hesabına müalicə olunmaq üçün Avropa ölkələrinə  getsə də, dünyasını dəyişib. Mantaşov aktrisaya olan sevgisini əbədiləşdirmək üçün Afrodita heykəlini sifariş edib və onu kirayə qaldığı evin ikinci mərtəbəsinin eyvanında onu yerləşdirib. Aktrisanın adı məlum olmasa da, heykəlin üzərində onun doğum və ölüm tarixi qeyd olunub.
 
Tağıyevlə mərc
 
Baş çəkdiyimiz növbəti mülk Mayılov qardaşlarına məxsus olub. Bu binada hazırda bir teatr fəaliyyət göstərir.
 
 
Bizim diqqətimizi isə binadan daha çox Mayılovlarla bağlı maraqlı məlumatlar cəlb edir. Onların adı hazırda şəhərimizin ən gözəl binalarından hesab olunan Opera və Balet Teatrı ilə birgə hallanır.
 
Fərziyyəyə görə, 1910-cu illərdə rus opera müğənnisi, soprano Antonina Nejdanova Bakıya səfəri zamanı bir neçə kazino və oteldə çıxış etdikdən sonra Mayılov qardaşları ilə birlikdə şərəfinə verilən ziyafətdə iştirak edir. Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!”, deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?”. Bu sözlər milyonçulara bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcəklər. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar Nikolay Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Hacı Zeynalabdin Tağıyev binanın vəd olunan vaxta qədər tikildiyi üçün, söz verdiyi kimi binanın inşaat xərclərini ödəyib.
 
 
Zənginlik gənc sevgili də gətirir...
 
Son ziyarət yerimiz isə milyonçu Şəmsi Əsədullayevə məxsus mülk idi.  O da Bakı milyonçularından biri olub və kasıb ailədə böyüyüb. Daha sonra neft sayəsində zəngin olan Əsədullayev ilk öncə olduğumuz bu evi ailəsi üçün tikib. Onun böyük oğlu  Hacı Zeynalabdin Tağıyevin qızı ilə, kiçik oğlu isə Musa Nağıyevin qızı ilə ailə həyatı qurub.  Əsədullayev 57 yaşı olanda 29 yaşlı Mariya adlı xanımla münasibətə başlayıb. İlk həyat yoldaşından boşanıb bu xanımla ailə quran milyonçu 1909-cu ildə  onunla birlikdə Moskvaya köçüb və cəmi 4 ildən sonra dünyasını dəyişib. İlk evliliyindən 3 övladı olub.
 

 
Tur çərçivəsində, həmçinin Əlibəyovların mülkü, Babayevlər mülkü, Atriumlu ev, Freskalı ev kimi məkanlarda da olduq. Siz də təqdim etdiyimiz fotolar sayəsində həmin yerlərə qısa səyahət edə bilərsiniz:
 
















 
Günay Rəsulqızı
Sfera.az
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man