Pakistan Nazirlər Kabineti ölkə
konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə
uyğun olaraq Prezident tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində
Baş nazir İmran Xanın istefa verdiyini açıqlayıb.
Növbədənkənar parlament
seçkiləri 90 gün sonra keçiriləcək və baş nazir təyin olunanadək İmran Xan vəzifəsini
icra edəcək.
İmran
Xan niyə istefa verdi?
İmran Xanın istefası gözlənilən
idi. Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə
ciddi etirazlara səbəb olub. Səfər sonrası müxalifət ölkə parlamentində İmran
Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etdi. İmran Xan isə Parlamentin ona
etimadsızlıq təklifini rədd edib. Daha sonra isə o Nazirlər Kabinetini istefaya
göndərib.
İmran Xan müxalifət təmsilçilərinin
onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Təsadüfi
deyil ki, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə bir
neçə gün öncə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxdı. Yəni həm
Milli Assambleyanın buraxılması, həm də özünün istefa verməsi onun konkret
planı əsasında həyata keçirilir.
Yeni
baş nazir kim olacaq?
Hazırda baş verən proseslərin İmran
Xanın nəzarətində həyata keçirildiyi görünür. Bu mənada mümkündür ki, o yenidən
baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, həmçinin
onun rəqibi şübhəsiz ki, Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir.
Yəni hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə
bilər. Lakin hələlik bunun baş verməsi mümkün deyil.
İmran
Xanın yoxluğu İslamabadın Ankara və Bakı baxışını dəyişə bilər?
Bu gün olmasa da, gec-tez Pakistanda
İmran Xan dövrü bitəcək. İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı
olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olacağını düşünmürəm.
Pakistanın iqtisadi və xarici siyasəti nəinki Azərbaycan, Türkiyə, heç Böyük
Britaniya, ABŞ, Çin, Hindistana qarşı da dəyişməyəcək.
Turan Rzayev
Sfera.az