Ermənilər təkcə tarixi Azərbaycan torpaqlarına deyil, eyni zamanda azərbaycanlılara məxsus olan bir-çox maddi-mənəvi dəyərlərə qarşı da iddialar irəli sürürlər.
Bu yaxınlarda sözügedən ölkənin Təhsil, Elm, Mədəniyyət Nazirliyi qərar layihəsi təqdim edib. Bununla Ermənistan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 45 elementdən ibarət siyahısına daha 6 element əlavə olunub. Maraqlıdır ki, həmin siyahıda paxlava da yer alır.
Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov deyib ki, bu şirniyyatın düzgün hazırlanma texnologiyasını qədimdən bu günümüzə qədər qoyub saxlayan türk xalqları olub. Müsahibimiz paxlava ilə bağlı "Erməni kulinariya ənənələrinin inkişafı və qorunması" ictimai təşkilatının sədri Sedrak Mamulyanın və qeyd olunan nazirliyin iddialarına cavab verib:
"Türk mənşəli söz olan "paxlava” sözü qədim türkcədə "baklagu” və ya "baklagi” kimi bilinir və eyni zamanda paxlava xəmirinin açılmasında istifadə edilən oxlovun köhnə türkcədə "oklağa”, "oklağu” kimi də ifadə olunması, onun türk mədəniyyətinin bir ləzzəti olduğunun ən mühüm sübutlarından biridir. Qədim Türklər, xəmiri qat qat açaraq, arasına müxtəlif içliklər qoyaraq qat-qat xəmiri meydana gətiriblər və paxlava da beləcə yaranıb. Azərbaycanda 8 qat xəmirdən hazırlanan paxlava, Orta Asiyada türk xalqları tərəfindən sac üzərində də bişirilir. Gəncə, Quba və Şəkidə də paxlava məcməyi də köz üzərində bişirilir. Erməniyə "Osmanlı tokatı” dəyməsə, düzələn deyil və tarix boyu bu cılız torpaqsızlar onlara verilən çörəyə naxələf çıxıblar”.
Ekspert qeyd edib ki, Osmanlı imperatorluğunun geniş bir coğrafiyaya yayılması və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi nəticəsində, müxtəlif mədəniyyətlərin də süfrəsinə yol açan paxlava fərqli reseptlər və texnologiya əsasında da hazırlanır:
"Ermənilər başlarını oğurluqdan ayırıb mütaliə etsələr və tarixi elmlərə yiyələnsələr, bəlkə onlardan dünyaya xeyir dəyər. Məsələn, Osmanlı tarixində ilk çap olunmuş yemək kitabı kimi tanınan "Melceü't-Tabbahi"də qaymaqlı paxlava, düyü paxlavası haqqında geniş məlumat verilir - düyü unu ilə Azərbaycanın cənub bölgəsi başda olmaqla, bir çox bölgələrində də paxlava hazırlanıb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Oğuzların dastanı "Kitabi-Dədə Qorqud"u araşdırıb baxsınlar ki, Novruz bayramının milli atributları olan qoğal, şəkərbura və paxlavanın tarixi qədim türk tabletlərinə qədər gedib çıxır və bu, arxeoloji araşdırmalarda da sübut olunub”.
Günay Rəsulqızı
Sfera.az