Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsindən əvvəlki çıxışları ilə indiki açıqlamalarını müqayisə edən Yaponiya texnologiya firması maraqlı detallar üzə çıxarıb.
Sfera.az bildirir ki, ekspertlər Putinin yüksək stress və "psixoloji qeyri-sabitlik” yaşama ehtimalının yüksək olduğunu iddia ediblər.
Rusiya liderinin müharibənin əvvəlindəki nitqlərini və müharibə davam edərkən etdiyi çıxışları araşdıran səs tembri üzrə ekspertlər onun səs tonunda dəyişikliklər müşahidə ediblər. Bu fərqin artan stress, əhval-ruhiyyənin dəyişməsi və narahatlıq səviyyələri səbəbindən yarana biləcəyi düşünülür.
Yapon mətbuatında yer alan xəbərə görə, "Risk Measurement Technologies” adlanan şirkət bildirib ki, səs tonunda baş verən dəyişikliklər insanların əhval-ruhiyyəsinin və psixi vəziyyətinin anlaşılmasında mühüm rol oynayır. Bu baxımdan, Vladimir Putinin fevralın 1-dən martın 19-dək ictimai çıxışlarını təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, Putin yüksək stress keçirib, onun əhval-ruhiyyəsi pisləşib və narahatlıq səviyyəsi artıb.
Xatırladılıb ki, Vladimir Putin fevralın 21-də Rusiyanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıdığını bəyan edib. Bu açıqlama zamanı Putinin Rusiya Xarici Kəşfiyyatının direktoru Sergey Narışkinə qarşı sərt münasibəti və ritorikası ön plana çıxıb. Araşdırmaya görə, Putinin səs tonu görüş boyu davamlı olaraq dəyişib. Mütəxəssislər bildiriblər ki, stress səviyyəsinin daim aşağı enib-qalxması tərəddüdlü hisslərdən xəbər verir.
Rusiya prezidenti fevralın 24-də rus qoşunlarının Ukraynaya daxil olduğunu elan edib və Rusiyanın işğalının səbəblərini açıqlayıb. Bu çıxışı da araşdıran şirkət rəsmiləri, müharibə başlayandan bəri Putinin ən sakit anlardan biri olduğunu deyiblər.
Cəbhə xəbərləri daxil olduqdan sonra Rusiya prezidentinin stressinin artdığını deyən rəsmilər martın 10-da Putinin çıxışında stress səviyyəsinin kifayət qədər yüksək olduğunu bildiriblər.
Şirkət əməkdaşı Kanji Okazaki Yaponiya mətbuatına açıqlamasında "Analizlərimizə görə, Rusiya lideri Putinin psixoloji qeyri-sabitlik içində olduğunu deyə bilərik”, - deyə qeyd edib.
Günay Rəsulqızı
Sfera.az