Azərbaycanda ev təsərrüfatlarının 3,2 faizinin yaşadığı evin yaşayış sahəsi adambaşına 5 kvadrat metrdən azdır.
Sfera.az xatırladır ki, "Yaşayış minimumu haqqında” Qanuna əsasən adambaşına düşən yaşayış sahəsi 12 kvadrat metrdən az olmamalıdır. Adambaşına düşən sahənin 12 kvadrat metrdən az olması ev təsərrüfatının normal mənzil şəraitində yerləşmədiyini göstərir.
Dövlət Statistika Komitəsinin 2021-ci ildə apardığı statistik müayinə nəticəsində məlum olub ki, bu baxımdan ən pis vəziyyət Dağlıq Şirvan (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları), ən yaxşı vəziyyət Naxçıvan iqtisadi rayonundadır. Dağlıq Şirvan iqtisadi rayonda ev təsərrüfatlarının 6,7 faizinin, Naxçıvanda 0,4 faizinin adambaşına 5 kvadrat metrdən az yaşayış sahəsi var.
Ümumilikdə, mənzil şəraitinin normal olması üçün adambaşına düşən yaşayış sahəsindən başqa, evin su ilə təmin olunan tualeti olmalı, evin damından su sızmamalı, rütubət normal olmalı, divarlarda, döşəmədə, bünövrədə, pəncərə şüşəsində çatlar yaranmamalı, otaqlarda gündüz vaxtı qaranlıq olmamalı, gün işığı az düşməməli, evdə vanna və ya duş olmalıdır.
Müayinə nəticəsində məlum olub ki, ölkə üzrə ev təsərrüfatlarının 5 faizində evin su ilə təmin olunan tualeti yoxdur, 3,7 faizində evin damından su sızır, rütubət və nəm var, divarlarında, döşəməsində, bünövrəsində, pəncərə şüşəsində çatlar mövcuddur, 2,9 faizində evinin otaqları gündüz vaxtı qaranlıq olur, gün işığı az düşür, 1,9 faizində isə vanna və ya duş yoxdur.
Qeyd edək ki, ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər, mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər.
Vasif
Sfera.az