Kremlin
postsovet məkanındakı tanınmamış "respublikalar”la bağlı verdiyi qərar Qarabağ
üçün təhlükə yaradır?
Gürcüstanda separatçı "Cənubi
Osetiya respublikası”nın qondarma "prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək
üçün yaxın vaxtlarda "hüquqi prosesə” başlayacaqlarını elan edib.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Bibilovun belə bir qərar
verməsi diqqət çəkir.
Bibilov, "Prinsipcə, Cənubi Osetiyanın
"konstitusiyası” hər şeyi çox aydın şəkildə ifadə edir. Təbii ki, xalqın
fikrini soruşmaq lazımdır, yəni xalqın Rusiyanın tərkibinə daxil olmasına
münasibət bildirməsinə əmin olmalıyıq”, - deyib. Bibilov topu xalqın üzərinə
atır. Yəni separatçı "Cənubi Osetiya respublikası” Rusiyaya birləşmək üçün xalq
referendumuna gedə bilər. Referendumun nəticəsi isə indidən bəlidir. Yəni bu
sinvolik bir referendum olacaq.
Aydın məsələdir ki, bu qərar
Bibilovun heç öz qərarı deyil. Ona təlimat birbaşa Kremldən gəlib. Məsələ
ondadır ki, rəsmi Moskva Ukrayna müharibəsinə başının qarışdığı bir zamanda Cənubi
Qafqazı da boş qoymaq istəmir.
Kremlin
növbəti hədəfi Gürcüstandır?
Ukrayna müharibəsi fonunda
Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağı sualı tez-tez səslənir. Bu
siyahıya
Özbəkistan, Gürcüstan, Moldova və s. ölkələrin də adı çəkilir.
Rusiyanın Ukrayna ilə müharibə fonunda Gürcüstanla da müharibə etməsi real
deyil. Məsələ ondadır ki, Kreml 2008-ci ildə bir dəfə Gürcüstanla müharibə
edib. Digər tərəfdən, Ukrayna ilə müharibə fonunda Gürcüstanla da müharibə
onsuz da Qərbin qəzəbinə tuş gələn Kreml üçün mövcud vəziyyətin daha da
ağırlaşması ilə nəticələnə bilər.
Separatçı "Cənubi
Osetiya respublikası”nın qondarma "prezidenti” Anatoli Bibilovun Rusiyaya birləşmək
üçün yaxın vaxtlarda "hüquqi prosesə” başlayacaqlarını elan etməsi Kremlin
Tiflisə açıq xəbərdarlığıdır. Rəsmi Tiflis Rusiya-Ukrayna müharibəsində
maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində
fəaliyyətini dayandırmayıb. Əksinə, proses daha da artıb. Kreml də məhz
bunun qarşısını almaq üçün Tiflisə təzyiqi artıracaq.
Birincisi, Rusiyanın əsas təzyiqi
separatçı respublikalar üzərində olacaq. Cənubi Osetiyanın timsalında bunu
görürük. Mümkündür ki, qondarma Abxaziya respublikasının lideri Aslan Bjaniya
Rusiyaya birləşmək qərarını açıqlayacaq.
İkincisi, Rusiya vaxtilə Azərbaycanda
olduğu kimi, Gürcüstanda da erməni kartından istifadə edə bilər. Söhbət
Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində eynilə Qarabağda
başladılan separatizm hərəkatı kimi hərəkatın alovlanmasından gedir. Kreml
bununla həm də Ermənistanla Gürcüstan arasında gərginlik yaratmağı planlayır.
Düzdür, rəsmi İrəvanın Cavaxetiya üzərindən ikinci bir Qarabağ ssenarisinə
gedib-getməyəcəyini demək çətindir, lakin Kreml ermənilərin iştahını hər zaman
belə qabartmağı bacarıb.
Qarabağda
da bənzər ssenari yaşana bilər?
Rusiyanın postsovet məkanındakı
tanınmamış "respublikalar”la bağlı verdiyi qərar Qarabağla bağlı da ciddi
narahatlıq yaradır. Hətta belə iddialar səslənir ki, Rusiya Qarabağın da müstəqiliyini
"tanıya” bilər.
Bu versiya indiki
halda mümkün deyil. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycana
qarşı xarici hücumlara və ərazi bütövlüyünə qarşı təhlükəsizlik qarantiyası
var. Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirə bilər. Bu isə
Moskvanın ən son istəyəcəyi haldır.
Digər tərəfdən, Türkiyə kimi Rusiyanın özü də Moskva bəyannaməsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın
ərazi bütövlüyünə qarant verir və xarici təhdidlərə qarşı qorumalıdır.
Bütün bunlara baxmayaraq tədbiri əldən
vermək olmaz. Hesab edirəm ki, hazırda Azərbaycan ilə Rusiya arasında o həddə bir
problem yoxdur ki, Kreml belə bir qərar versin.
Turan Rzayev
Sfera.az