Son zamanlar şəhərdə bir çox restoranlar vətəndaşa əvvəlcədən məlumat vermədən hesaba 10-15% xidmət haqqı əlavə etməyə başlayıb. Bu hal artıq kütləviləşib desək, yanılmarıq. Təbii olaraq bu da, vətəndaşların narazılığına səbəb olur.
Maraqlıdır, qeyd edilən məsələ istehlakçı hüquqlarına ziddirmi? Vətəndaşın gələn hesabı təkrar geri qaytarmaq, xidmət haqqını sildirərək, qanuni çeki istəmək hüququ varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına, onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir:
"Həmçinin Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə - min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Ölkəmizdə xidmət göstərənə "çayovoy”un verilməsi bir növ adət halını alıb. Ofisiantlar özləri əlavə xidmət haqqı tələb etmir, sadəcə bu, ənənəyə çevrilib. "Çayavoy” vətəndaşın ona xidmət göstərən işçiyə könüllü ödənişi olduğundan burada hər hansı məsuliyyətdən söhbət gedə bilməz. Lakin menyuda qeyd olunmayan və öz əksini tapmayan əlavə xidmət haqqının tələb olunması qanunvericiliklə qadağandır.
Dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, onsuz da, istehlakçı mütləq artıq pul verir. Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə "servis haqqı”nın tələb olunması qəti qadağandır. Adətən, bahalı restoranlarda əlavə servis haqqı tələb olunması hallarına rast gəlinir. Buna görə də həmin restoranlara gedərkən və sifariş verməmişdən öncə menyuya diqqətlə nəzər yetirmək lazımdır. Menyuda əlavə faiz və ya əlavə ödəniş kimi servis haqqı qeyd edilibsə, siz bununla razılaşmayaraq oranı tərk edə bilərsiniz. Lakin menyuda hər hansı faizin tutulması və ya əlavə ödənişin olması ilə bağlı qeyd olmadan sonradan yazılı təqdim olunan "hesab”da bu məbləğin göstərilərək tələb edilməsi qanunsuzdur və məsuliyyətə səbəb olur”.
Müsahibimiz deyib ki, restoranların bir çoxu "servis haqqı” kimi aldıqları pulu əslində məqsədli təyinatına uyğun olaraq heç də xidmət göstərən işçilərinin sosial təminatını möhkəmləndirmək üçün onlara vermir:
"Təəssüf ki, yığılan məbləğləri bilavasitə özü bu və ya digər formada "mənimsəyir”. İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. Menyuda qeyd edilmədən hər hansı faizin tutulması, əlavə ödənişin, yaxud musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır və göstərilən xidmətlər və ya işlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır.
Qeyd edilən hallarla əlaqədar istehlakçı hüququnuz pozularsa, yazılı şəkildə və ya 599-76-00 nömrəli telefon vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz. Müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılıb nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb, yalnız fərdi müraciətlər əsasında araşdırma aparılır.
Günay Rəsulqızı
Sfera.az