44 günlük müharibə sonrası işğaldan
azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən
qeyri-insani şəraitdə saxlanılan, daha sonra isə xüsusi amansızlıqla qətlə
yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır.
Belə
kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində
aşkarlandı. Bu kütləvi məzarlıq
erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyətinin dünyaya sübutu
baxımından çox vacib idi.
Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi
gözlənilirdi. Gözləntilər özünü doğrultdu.
Belə ki, Azərbaycan ordusunun bölmələri
Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə
götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. Həmin
qalıqlar da 1-ci Qarabağ müharibəsində Fərrux
kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş
Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.
Azərbaycana qarşı hərbi təcavüz
zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən
beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən
əsir və girov götürülmüş minlərlə soydaşımızın daha dəqiq desək 3 min 890 nəfəri
hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd
olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla
öldürülüb.
Ermənilər öldürülən şəxslərin və
işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla
gizlətməyə çalışıb.
Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin
ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani
sübutudur.
Daşbaşı yüksəkliyində aşkarlanan
qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz
qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb.
Ermənilər Ballıqaya, Qaradağlı,
Xocalı və Ağdaban qətliamlarının müəllifidir.
Mümkündür ki, hələ Ağdam, Füzuli,
Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür
kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər.
31 Mart soyqırımı ərəfəsində Fərrux
kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də erməni
vandalizminin, barbarlığının dəyişmədiyini göstərir.
Turan Rzayev