"Qərb ilə Rusiya arasında Ukrayna mərkəzli güc mübarizəsi qarşıdakı 15 gündə iki kritik sınaqdan keçəcək”.
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. Onun sözlərinə görə, bunlardan biri rus qazının rubl ilə satılması məsələsidir:
"Rusiya 31 marta qədər prosesin mexanizmini hazırlamalıdır. Avropanın əsas gücü Almaniyanın vitse-kansleri "G7”nin qaza rublla ödəmə etməyəcəyini deyib. Peskov da "ödəməsələr, xeyriyyəçilik etmək fikrimiz yoxdur", deyə bildirib. Bu arada Avropa ilə Amerika arasında imzalanan qaz anlaşmasının maksimum miqdarı illik 15 milyard kubmetrdir. Bu isə Rusiyadan ixrac edilən illik qazın (200 milyard kubmetr) sadəcə 7,5 %-ni təşkil edir. Fikrimcə, bu prosesdə Rusiya tərəfinin əli daha güclüdür və tərəflər onun mövqeyinə daha yaxın bir kompromisə gələcəklər. Enerji qiymətləri də artmağa davam edəcək”.
Politoloq qeyd edib ki, digər kritik məsələ Avropada Ukrayna böhranından sonrakı seçkilərdir:
"3 apreldə Serbiya, 10 apreldə Fransada seçkilər olacaq. Serbiyada seçkilərin nəticələri həm də serblərin AB ilə Rusiya arasında seçimi barədə müəyyən fikir verəcək. Fransadakı seçkilərin nəticəsi isə Qərbi Avropada hökumətlərin Rusiya siyasəti barədə mühüm bir işarə olacaq. Makron bu seçkidə ciddi zərbə alsa, bu digər ölkələr üçün həyəcan siqnalı ola bilər. Hələ nəzərə alaq ki, Makron Ukrayna məsələsində sülh üçün Avropada ən çox canfəşanlıq edən liderdir. Sloveniya xaric bu il Avrupa Birliyində başqa ölkədə normal vaxtlı seçki yoxdur. 2023 ildə isə xeyli olacaq”.
Günay Rəsulqızı
Sfera.az