Birgəyaşayışın, dini
dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə
malikdir.
Milli dəyərlərimizlə
həmahəng olan tolerantlıq hazırda digər xalq və millətlər, müxtəlif dövlətlər
üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına
hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz
dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Tolerantlıq qarşılıqlı
empatiya ilə mümkündür. Sadə dillə bunu tərif etsək, insanlar bir-birlərinə
qarşı dözüm göstərməli, xoş davranmalıdırlar. Xalqımız isə hələ tarixin qədim
dövlərindən etibarən müharibanlığı, qonaqpərvərliyi ilə seçilib. Düzdür, bunun
bizə mənfi təsirləri də müəyyən zaman silsilələrində özünü göstərib. Lakin
ümumi mənada Azərbaycan xalqı həm də buna görə sevilir – empatiya və
səmimiliyinə görə…
Ölkəmizin tarixinə qısaca
nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar
rejimdə də müxtəlif xalq və dinlərdən olanların yanaşı
dinc yaşamasının şahidi olarıq. Dövlətimizin
coğrafi mövqeyi, əhalimizin etnik tərkibi qədim vaxtlardan etibarən burada
müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Fərqli dövrlərdə yəhudilik, bütpərəstlik,
zərdüştilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya
digər dərəcədə yayıla bilib. Qürurla vurğulamaq lazımdır ki, tarixin bütün
mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya
hadisəsi olmayıb.
Azərbaycan dini və milli
tolerantlığın bəhrəsini Birinci və İkinci Qarabağ müharibəsində də gördü. Hər
iki müharibədə dini və irqindən asılı olmayaraq hər bir azərbaycanlı milli
birlik nümunəsi göstərdi. Düşmənə qarşı Azərbaycan cəbhəsində müxtəlif
millətlərin nümayəndələri Azərbaycan əsgəri kimi çıxış edirdi. Ordumuzda din
və irq məsələsi yox, Azərbaycan vətəndaşı, Azərbaycan əsgəri anlayışı var idi.
Məhz bu amil düşmən üzərində inamlı qələbəyə rəvac verən başlıca amillərdən
biridir.
Lakin dini ayrıseçkilik
məsələsi də ölkəmizdən yan keçməyib. Belə ki, İkinci Qrabağ müharibəsində
xristian dövlətlərinin dini amili rəhbər tutaraq dövlətimizə qarşı fərqli
münasibət göstərdiyinə də şahidlik etdik. Bəzi ölkələr bunu açıq şəkildə ifadə
edərək, işğalçı tərəfdən yana mövqe sərgiləmişdilər. İndi həmin dövlərlərin
əksəriyyəti regionda yaranan yeni reallıqlarla barışaraq müxtəlif yollarla
Prezident İlham Əliyevlə dialoqa girərək, əməkdaşlığa can atırlar. Bir gün hər
kəs güclünün və doğrunun yanında olmağa məhkumdur…
Əzizə Zeynal
Qeyd: Bu yazı Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Dini və milli
tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi