Rusiyanın Kiyevi ələ keçirə bilməməsi hələ
də müharibənin ən çox danışılan mövzularından biridir.
Sfera.az "The Guardian”a istinadən xəbər
verir ki, ukraynalı komandirin verdiyi məlumata əsasən, 30 nəfərlik xüsusi qrup
Rusiya karvanını pilotsuz təyyarələrlə sıxışdıraraq, onların irəliləməsinə mane
olur. 2014-cü ildə yaradılan könüllülər komandası olan Aerorozvidka İT işçiləri
və dron dizaynerləri tərəfindən yaradılıb. Bu komanda indi Rusiya-Ukrayna
müharibəsində əsas rol oynamağa başlayıb.
Ukrayna Rusiya tanklarına qarşı Qərb dövlətlərinin
göndərdiyi tank əleyhinə sursatlardan istifadə edir. Aerorozvidka komandası isə
dövlət tərəfindən maliyyələşdirilən sistemlə dronlar, termal kameralar və uzaq
məsafəli modemlər alır.
Polkovnik-leytenant Yaroslav Honçarın
komandanlığı ilə bu kiçik bölmə İvankov şəhəri yaxınlığında rus tanklarının
karvanını pusquya salıb. Velosiped sürən əsgərlər alaqaranlıqda meşədən keçərək rus tanklarına yaxınlaşa biliblər. Çernobıl istiqamətindən
Kiyevə doğru irəliləyən tanklar bu şəkildə pusquya düşüblər. Gecə görmə eynəkləri,
snayper tüfəngləri, pultla partladılmış minalar, termal kameralı dronlar və 1,5
kiloqrama qədər bomba daşıya bilən xüsusi dronların köməyi ilə komanda Kiyevin
müdafiəsinə dəstək verən gizli qəhrəmanlara çevrilib.
Aerorozvidka bölməsi müharibənin ilk
günündə Rusiyanın Hostomel hava limanına hücumunu dəf etməyi öhdəsinə götürüb.
Bölmə yenə pilotsuz təyyarələrin köməyi ilə 200 rus desantını aşkar edərək
onları atəşə tutub.
Bütün bu iddiaları bir-bir sübut etmək
mümkün olmasa da, Ukraynanın İvankovdakı müdafiə uğuru ABŞ rəsmiləri tərəfindən
vurğulanır və bu pilotsuz təyyarələrdən istifadənin müharibədə Ukraynanın
xeyrinə bir çox vəziyyətlər yaratdığı qeyd edilir.
Aerorozvidka komandası ilk dəfə 2014-cü
ildə Maydan üsyanı zamanı meydana çıxıb. Rusiyanın Krımı ilhaqı və Donbassda
müharibənin ilkin mərhələlərində öz texniki avadanlıqlarını ortaya qoyan komandanın
yaradıcısı Vladimir Koçetkov-Sukaçdır. O, 2015-ci ildə Donbassdakı döyüşlər
zamanı həlak olub.
"Aerorozvidka”nın ekipajı həmişə təhlükə
altındadır, çünki ruslar pilotsuz təyyarələrin siqnallarını kəsərək
minaatanlarla cavab verirlər.
Bir tərəfdən Aerorozvidka Rusiyanın
Ukraynaya qarşı texniki müharibəsi üzərində də işləyir. Ukraynanın
kommunikasiya xətlərinə hücumlar təşkil edərək rabitəni zədələməyə çalışan düşmən
qoşunlarının istifadə etdiyi rabitəni bloklayan alətləri təqib edərək
hücumlarını buna uyğun planlaşdırır.
Aerorozvidka assosiasiyası həmçinin
müharibələrin gələcəyi ilə bağlı ipuçları verir və gələcək müharibələrdə belə
texnologiyalardan istifadənin nə qədər vacib olacağını vurğulayır.
Əzizə Zeynal