Ukraynadan Çernobıl Elektrik Stansiyası ilə bağlı daha bir açıqlama gəlib.
Sfera.az bildirir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk radiasiya xəbərdarlığı edərək BMT-yə müraciət edib.
Qurum rəsmisi, "Rusiya ordusunun məsuliyyətsiz və qeyri-peşəkar hərəkətləri təkcə Ukrayna üçün deyil, yüz milyonlarla avropalı üçün də çox ciddi təhlükə yaradır”, - deyə vurğulayıb.
Vereşçuk BMT Təhlükəsizlik Şurasını bölgənin demilitarizasiyası üçün təcili addımlar atmağa çağırıb.
O qeyd edib ki, sözügedən silahlanma siyasəti 1986-cı ildə partladılmış stansiyanın dördüncü blokunda tikilən izolyasiya konstruksiyalarına çox ciddi ziyan vurmaq riski yaradır:
"Rus işğalçıları hər gün onlarla raket, güllə və minaatan daşıyırlar. Pripyat şəhərində də yüzlərlə ton sursat saxlanılır, bu da AES-dən bir qədər aralıdadır”.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış nəticəsində ətraf mühitə 1945-ci ildə Xirosimaya atılan atom bombasının 50 mislinə bərabər miqdarda radiasiya yayılıb. Bu hadisə dünyanın ən böyük ekoloji fəlakətlərindən biri hesab olunur.
Günay Rəsulqızı