"Azərbaycanda mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılmalıdır”
Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq əksər aparıcı ölkələr, hətta COVİD-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zelandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar:
"Azərbaycana da gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda, PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması mümkündür. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”.
Deputat artıq yeni turizm mövsümünün başladığını vurğulayıb:
"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla, bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”.
Günay Rəsulqızı
Sfera.az