Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində ABŞ-ın Rusiyaya görə Çin və Türkiyəyə təzyiq göstərdiyini demişdi. "Bu cür şantaj Çin, Hindistan, Misir kimi qədim sivilizasiyalara qarşı tətbiq edilir, Türkiyəyə S-400-lərlə bağlı tələblər irəli sürülür”, - deyə Lavrov bildirmişdi.
ABŞ sanksiyalara qoşulmaqla bağlı Azərbaycana da təzyiqlər göstərə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, ABŞ hazırda Rusiyanı yalnızlaşdırma siyasəti aparır və demək olar ki, bu işi bacarır:
"Əlbəttə, Türkiyə ilə danışlarda da təzyiqlər var, Rəcəp Tayyip Ərdoğan hələ ki geri çəkilmir, amma pərdəarxasında da öz diplomatiyasını aparır. Biz isə 44 günlük Vətən müharibəsindən sonra seçim qarşısında qalacağımızı deyirdik. Artıq bitərəf olmalıyıqdıq və Rusiya-Ukrayna müharibəsi də bizi buna vadar etdi. Lakin hazırda nə BMT-də, nə də Avropa Şurasında Rusiyaya qarşı hər hansı səs vermişik, biz bitərəf qalmışıq. Ukraynanın ərazi bötüvlüyünü tanıyırıq, Krımın işğalını qəbul etmirik. Ukranaya humanitar yardımlar etmişik, digər məsələlərdə dəstək oluruq. Yəni burada öz dövlət maraqlarımız da var - Rusiyanın orada zəifləməsi xeyrimizədir”.
Müsahibimiz ABŞ dövlət katibi Antoni Blinkenin ötən günlərdə Azərbaycan prezidentinə zəng etdiyini də vurğulayıb və bunun Ukrayna-Rusiya müharibəsi ilə bağlı olduğunu qeyd edib:
"Burada təzyiqlər də mümkündür, tərəf seçməklə bağlı istəklər də. Ən önəmli isə Ukraynanın, o cümlədən Avropanın enerji ilə təmin olması istiqamətindəki istəklərdən söz gedə bilər. ABŞ-ın əlbəttə, Azərbaycan dövlətindən Rusiya ilə bağlı xahişləri olub, öz maraqlarına görə bu işi aparıb. Düşünürəm ki, biz də Türkiyə kimi çalışmalıyıq ki, Rusiya-Ukrayna müharibəsindən ziyan görməyək və balanslı siyasət aparaq. ABŞ bizdən tərəf tutmağımızı istəyə bilər, amma biz də öz növbəmizdə dövlət maraqlarımız çərçivəsində bu oyunları oynamalıyıq, şimal qonşumuzu qıcıqlandırmamalıyıq. Amma bundan sonra şimalın əzilməsi proseslərindən yaxşı istifadə edib Qarabağ ətrafındakı problemlərimizi də həll edə bilərik”.
Günay Rəsulqızı