Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yeganə şansı olduğunu deyib.
Sfera.az-ın məlumatına görə, ölkə başçısı qarşı tərəflə danışıqları işarə edərək bildirib ki, Rusiyanın səhvləri ancaq bu yolla aradan qaldırıla bilər. Həmçinin Rusiyanın Ukraynada humanitar dəhlizləri bağlamasına və evakuasiyalara toxunan Zelenski, "İşğalçılar əksər bölgələrdə ətraf şəhərlərə humanitar yardımın çatdırılmasının qarşısını almağa davam edir. Bu, müharibə cinayətidir", - deyə söyləyib.
O, fikirlərinə bu cür davam edib: "Ukraynada 7 dəhliz var idi. Sumi vilayətində 6, Donetsk vilayətində isə 1 mülki dəhliz... Mariupolun mühasirəsindən 9 mindən çox insan təxliyə edilib. Ümumilikdə humanitar yardım vasitəsilə 180 mindən çox ukraynalı xilas olunub.
Ukrayna qoşunlarının ruslara qarşı müdafiəsi, o cümlədən rusların hücumları davam edir. Onların ordularının bu taktikası Rusiya dövlətinin vəziyyətini daha da pisləşdirir, dağıdıcı sanksiyalara səbəb olur. Rusiya yeni üzvlərin müharibə əleyhinə koalisiyada iştirakını təşviq edir. Hətta Rusiyaya təzyiq göstərmək üçün həmişə bitərəf qalmağa çalışan dövlətlər də bu birləşməyə daxildir. Ona görə də Ukraynanın sülhü və təhlükəsizliyi ilə bağlı danışıqlar Rusiyanın öz səhvlərindən irəli gələn zərəri azaltmaq üçün yeganə şansdır. Biz həmişə danışıqlarda israr etmişik, sülh üçün dialoq və həll yolları təklif etmişik. İndi hamının, xüsusilə Moskvanın məni eşitməsini istəyirəm. Görüşmək, danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır”.
Günay Rəsulqızı