Ukrayna prezidenti Vladimir Zelenski yenə də ABŞ və onun NATO üzrə Avropadakı müttəfiqlərini Ukrayna səmasını uçuşa qadağan olunmuş zona elan etməyə çağırır. Onun bu çağırışı Qərb dövlətləri tərəfindən növbəti dəfə müzakirəyə çıxarılır və yenə də müsbət cavablandırılmayacağı barədə işarələr var.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Zelenskinin uçuşa qadağan edilmiş zona ilə əlaqədar bu qədər israr etməsinin səbəbləri var.
Müsahibimiz öncə xatırladıb ki, uçuşa qadağan edilmiş zona hər hansı bir uçuşun qadağan edildiyi məkan anlamına gəlir və bu rejimin fəaliyyətini silahlı qüvvələr təmin edir:
"Hüquqi baxımdan uçuşa qadağan olunmuş zona Fars körfəzində olduğu kimi BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə tətbiq oluna bilər. 12 il müddətində uçuşa qadağan olunmuş zona İraqın şimalında və cənubunda fəaliyyət göstərib. 1991-ci ildə İraq ordusunun Küveytdən çıxarılmasından sonra şimalda kürdlər, cənubda isə şiələr Səddam Hüseynə qarşı mübarizəyə qalxdılar. Səddam da bu çıxışları yatırmaq üçün onlara qarşı qırıcı təyyarələrdən istifadə etməyə başladı. Səddam Hüseynin günahsız insanları qırmasının qarşısını almaq üçün tezliklə BMT Təhlükəsizlik Şurası 688 saylı qətnamə qəbul etdi.
Bu və Təhlükəsizlik Şurasının digər qətnamələri birbaşa uçuşa qadağan olunmuş zonanın tətbiq edilməsini nəzərdə tutmasa da, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri bu qətnamələri hüquqi əsas kimi göstərərək İraq səmasının müəyyən hissəsini uçuşa qadağan olunmuş zona elan etdilər. Bu zonanın tətbiq olunması Səddam qüvvələrinin tezliklə darmadağın olunmasında mühüm rol oynadı. Zelenskinin bu məsələdə israr etməsinin səbəbi onun ABŞ və NATO-dan etdiyi digər tələblərin geri çevrilməsi ilə bağlıdır”.
Politoloq qeyd edib ki, Qərb ölkələri NATO üzvü olmamasını əsas gətirərək Ukraynanı ciddi havadan müdafiə silahları və qırıcı təyyarələrlə təchiz etməyi rədd etmişdi:
"Amma Zelenski bilməmiş deyil ki, uçuşa qadağan olunmuş zonanın yaradılması da Rusiyanın 5 daimi üzvdən biri olduğu BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə mümkündür və heç şübhəsiz, Rusiya burada veto hüququndan istifadə edəcək. Digər tərəfdən, Polşanın Ukraynaya vermək üçün ayırdığı 28 ədəd SU-29 qırıcı təyyarələrini Rusiyadan qorxduğu üçün verməkdə çətinlik çəkən ABŞ-ın uçuşa qadağan edilmiş zonanın tətbiq edilməsi ilə razılaşması ağlabatan görünmür. ABŞ yaranmış vəziyyətdə Ukrayna və NATO üzrə Avropadakı müttəfiqlərinin həssaslıqlarını nəzərə almadan öz maraqlarını qoruyan müstəqil siyasətini yeridir. Bu maraqlar əgər sabah ABŞ hərbçilərinin Avropadan çıxarılmasını tələb edərsə, onun buna da gedəcəyi şübhəsizdir. Avropa ölkələri sabah Ukraynanın vəziyyətinə düşməmək üçün indi Kiyev ətrafında daha sıx birləşməli və ABŞ-a öz təhlükəsizlikləri üçün ciddi bel bağlamaqdan əl çəkməlidirlər”.
Günay Rəsulqızı