"Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir”.
Bunu Sfera.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərli bildirib.
Deputat Azərbaycan və Avropa İttifaqı arasında keçirilən növbəti təhlükəsizlik dialoqunun mahiyyətini şərh edib:
"İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfər qazanması geosiyasi proseslərə yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər müşahidə edilməyən geosiyasi mənzərə yaranmağa başladı. Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri əvvəlki dövrlərə nisbətən daha da yaxşılaşdı. Münasibətlərin daha da inkişafı baxımından görüşlər mütəmadi olaraq davam etdirilir. Bildiyimiz kimi, Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib. Görüşdə əsas müzakirə obyekti regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə barədə olub”.
Millət vəkili Aİ-nin Azərbaycana verdiyi önəmi də vurğulayıb:
"Dövlətimiz Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri bu qurumla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalacaq. Təşkilatın çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaradır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Hətta deyə bilərəm ki, idxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.
Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. Hər iki tərəfin təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir”.
Əzizə Zeynal