ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Putini "müharibə cinayətkarı” adlandırdıqdan sonra Putinin məhkəməyə gətirilməsi və həbs olunması məsələsi ətrafında müzakirələr aktuallaşıb.
Sfera.az xəbər verir ki, mütəxəssislər məhkəmə prosesinin qısa müddətdə, məsələn, bir il ərzində başlaya biləcəyini iddia etsələr də, bu, düşünülən qədər asan olmayacaq…
Təxminən 3 həftəni geridə qoyan Rusiya-Ukrayna müharibəsi dünyanın bir nömrəli gündəm mövzusu olmağa davam edir. Ukraynada humanitar faciə gündən-günə şiddətləndikcə, Putinin "müharibə cinayəti” törətməsi və onun məhkəmə qarşısına çıxarılması ritorikası daha yüksək səslə səsləndirilməyə başlayıb.
ABŞ Prezidenti Co Bayden dünən verdiyi açıqlamada Rusiyanın başladığı müharibənin bədəlini ağır ödəyəcəyini bildirib və ilk dəfə Vladimir Putin üçün açıq şəkildə "O, hərbi cinayətkardır” ifadəsini işlədib..
Kremlin Baydenin bəyanatına reaksiyası isə tez oldu.
Kremlin sözçüsü Dmitri Peskov, "Bombaları bütün dünyada yüz minlərlə insanın ölümünə səbəb olan bir prezidentin bu cür açıqlamalarını qəbuledilməz və bağışlanmaz hesab edirik", - deyə bildirib.
PUTİN 3 HALDA HƏBS OLUNA BİLƏR…
Beynəlxalq hakimiyyət orqanları Putini qanuni şəkildə izləmək üçün qlobal səylər göstərməkdə davam edir, lakin proses çox mürəkkəbdir. Britaniyanın "The Telegraph” qəzetinin təhlilinə görə, Putinin mühakiməsi və həbsi ancaq hakimiyyətini itirəcəyi, Rusiyanı tərk edəcəyi və ya tutulacağı təqdirdə baş verə bilər.
Liberiyanın keçmiş prezidenti Çarlz Tayloru mühakimə edən keçmiş baş prokuror Devid Kreyn məsələ ilə bağlı təəccüblü proqnozlar verib və deyib ki, Putinə qarşı ittihamlar bir il ərzində irəli sürülə bilər. D.Kreyn Putinin hərbi cinayətkar olduğunu, lakin bu mövzuda Beydenin də siyasi motivdə danışdığını deyib.
Bu yaxınlarda İngiltərə, Hollandiya və Belçika da daxil olmaqla 39 ölkə Ukraynadakı müharibə və insanlığa qarşı cinayətləri araşdırmaq üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Haaqa məhkəməsinin baş prokuroru Kərim Əhməd Xanın rəsmi araşdırmaya başlaması ilə bağlı açıqlaması Putinin bu məhkəmədə də mühakimə olunma ehtimalını artırıb.
Baş prokuror Xan 40-a yaxın ölkənin dəstəyi ilə martın 3-də istintaqa başlayıb. Ukrayna lideri Zelenski ilə görüşən baş prokuror Rusiya hökumətinə mülki şəxslərə qarşı hücumların cinayət olduğu barədə rəsmi bildiriş göndərib və uşaqlara qarşı cinayətlərə "sıfır tolerantlıq” göstərəcəyini bildirib.
MƏHKƏMƏ PROSESİNƏ ƏN BÖYÜK MANEƏ
Bununla belə, Putinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması nə Rusiya, nə də Ukraynanın Roma Statutunun iştirakçısı olmaması ilə çətinləşir. Ukrayna öz ərazisində törədilmiş cinayətlər üzrə məhkəmənin yurisdiksiyasını rəsmən tanısa da, proses Ukraynanın ümid etdiyi qədər asan görünmür.
Hüquq ekspertləri hesab edir ki, Ukraynadakı qeyri-insani kadrlar Putinin istintaqına kömək edə bilər, lakin mülki hədəflərə edilən hücumların dağıdıcı görüntüləri yalnız ayrı-ayrı əsgərlərin və səhra komandirlərinin günahını sübut edə bilər.
Putini mühakimə etmək üçün verilən əmrlərin və onun komandirlərlə söhbətlərinin sənədli sübutları məhkəməyə təqdim edilməlidir və ya Putinə yaxın birisi ona qarşı sübut təqdim etməlidir.
PUTİNİN SONU ONLAR KİMİ OLACAQ?
İkinci Dünya Müharibəsindən sonra Nürnberq və Tokioda yaradılan ilk beynəlxalq məhkəmələrdən bu yana bir çox liderlər Bosniya, Kamboca və Ruanda kimi ölkələrdə etdikləri əməllərə görə mühakimə olunublar. Son 20 ildə Beynəlxalq Cinayət Məhkəməsində 30 işə baxılıb və 10 cinayət işi üzrə hökm çıxarılıb.
Xorvatiya, Bosniya və Kosovoda hərbi cinayətlərə görə mühakimə olunan və "müharibə cinayətkarı” elan edilən keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç 2000-ci il hökmündən əvvəl öz kamerasında vəfat edib. Bosniya serblərinin keçmiş lideri Radovan Karadziçə Bosniyada dinc əhalinin kütləvi qətlində rol aldığı üçün verilən 40 illik həbs cəzası apellyasiya şikayətində ömürlük həbslə əvəz edilib. 2019-cu ildə Konqolu üsyançıların keçmiş lideri Bosko Ntaqanda müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə 30 il həbs cəzasına məhkum edilib.
Əzizə Zeynal