ABŞ pul-kredit siyasətini sərtləşdirdikdən sonra dolların uzun müddət baha olacağı ehtimal edilir. Amerikalı ekspertlər hesab edir ki, ABŞ valyutasında möhkəmlənmə 2022-ci il ərzində davam edəcək, sonra isə yüksək məzənnə bir müddət sabit qalacaq.
Bəs, baha dolların dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan üçün hansı təsirlərini görəcəyik?
Sfera.az bildirir ki, dolların qlobal səviyyədə möhkəmlənməsinin Azərbaycan üçün zərərli və əhəmiyyətli tərəfləri var.
Baha dolların zərərli tərəfi özünü mal ixracının azalması şəklində göstərəcək. Dollar bahalaşanda dəyəri beynəlxalq birjalarda dollarla müəyyən edilən məhsulların qiymətinin enməsi ehtimalı yaranır. Həmin məhsullara neft, neft məhsulları, qiymətli əlvan metallar (qızıl, gümüş, bürünc və s.), digər əlvan metallar (mis, alüminium, qurğuşun və s.) buğda, qarğıdalı, bəzi yeyinti yağları, şəkər, pambıq və s. aiddir.
Azərbaycanın ixracında bu məhsulların payı böyükdür. Deməli, baha dolların Azərbaycanın ixracına mənfi təsiri var.
Dollar bahalaşanda ölkəmizin ixrac gəlirləri azaldığı kimi idxal xərcləri də azalır. Çünki manatın məzənnəsi sabitdir və xaricdə dolların kursu yüksəldikdə ölkəmizə gətirilən mallar da ucuz başa gəlir. Bu səbəbdən, baha dollar Azərbaycana idxalı stimullaşdırır və daha çox idxala səbəb olur.
Mal ticarətindən başqa, baha dollar xarici turizm xidmətlərində də Azərbaycanın zərərinə dəyişiklik yaradır.
Dollar bahalaşanda Azərbaycan vətəndaşları manatla olan pullarını xarici valyutaya dəyişdikdə, daha çox pul əldə etmiş olacaq. Deməli, dolların bahalaşması bizim üçün xaricdə istirahət xərclərini ucuzlaşdıracaq ki, bu da xaricə turist səfərlərinin sayını artıracaq.
Sosial aspektdən yanaşdıqda isə baha dollar Azərbaycan vətəndaşları üçün əlverişlidir. Dolların bahalaşması idxal mallarının ucuzlaşmasına səbəb olur və bununla ölkəmizdə qiymət artımları zəifləyir.
Beləliklə, baha dollar Azərbaycan üçün zərərli olduğu kimi, həm də sərfəlidir.
Vasif