Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Moskvada xarici işlər naziri Sergey Lavrovla Ukrayna məsələsini müzakirə etdikdən sonra Ceyhun Bayramovla danışıb.
Rəsmi Ankara iki ölkə arasında anlaşmanın əldə edilməsinə cəhd göstərir və Bakı bu prosesə dəstək verən oyunçu olmaqla yanaşı, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biri kimi xarakterizə edilir.
Maraqlıdır, Ankara və Bakı Kiyevlə Moskva arasında sülhə yüksək mənada töhfə verə biləcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavid Osmanov Ankara və Bakının münaqişənin həllində mühüm rol oynaya biləcəyini deyib:
"Rusiya və Ukrayna arasındakı böhranın diplomatik yolla həlli istiqamətində ən böyük addımları qardaş Türkiyə atmaqdadır. Azərbaycanın da bu prosesdə fəal oyunçu olduğunu görürük. Bu günlərdə Türkiyənin xarici işlər nazirinin Rusiyaya səfəri, Rusiya XİN rəhbəri ilə görüşü, Antalya Diplomatik Forumunda Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü bunun sübutudur. Eyni zamanda, indi Rusiya və Ukraynanın XİN rəhbərləri arasında Türkiyədə baş tutan görüşün müsbət siqnalları gəlir. Bunlar hamısı çox mühüm amillərdir.
Bakı və Ankara bu prosesdə mühüm rol oynayır.
Rəsmi Bakının Ankara kimi alternativ şəhər kimi seçilməsi hər iki dövlətə olan etimadın təzahürüdür. Düşünürəm ki, bu gün münaqişənin sonlanmasında ən real addımları atan ölkələr Azərbaycan və Türkiyədir. Hər iki ölkə Rusiya və Ukrayna arasındakı problemin danışıqlar müstəvisində həllində əhəmiyyətli rola malikdir”.
Əzizə Zeynal