"Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”.
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.
O bildirib ki, son zamanlar Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında fəal təmaslar var.
"Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi niyyətini aydın ifadə edir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq. Təəssüflər olsun ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”.
Politoloqun sözlərinə görə, AP Avropa İttifaqına qarşı çıxış edir:
"Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur?! Yeri gəlmişkən, Belçikanın "Eureporter.co" saytı Avropa Parlamentinin Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırması barədə material dərc edib. Bu, Aİ ilə Bakı arasında gərginlik yaratmaq cəhdidir.
AP-nin öz siyasi məsuliyyətini "unutması” və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsi qəbuledilməzdir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının "səmimi tərəfdaşlıq” ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi faktı üst-üstə düşmür. Hər halda, qurum bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!”.
Turan Rzayev