Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün İrəvana təqdim olunan təklifləri açıqlayıb.
Burada aşağıdakı beş baza prinsipləri əks olunub:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bu beş baza prinsipi onu deməyə əsas verir ki, Azərbaycan Ermənistanla bunlar əsasında danışıqlar aparacaq.
Konstuktiv mahiyyət kəsb edən baza prinsipinə ayrı-ayrılıqda baxdıqda görə bilərik ki, Azərbaycan Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll və əməkdaşlıq etməyi təklif edir.
Misal üçün, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi əslində dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasının təsdiqi mahiyyətini daşıyır. Yəni ölkələrin bir-birini, ərazi bütövlüyünü tanıması kifayət deyil, həm də gələcəkdə bu və ya başqa formada ərazi iddiası etməyəcəyinə dair öhdəlik götürməlidir.
Rəsmi Bakı görünür, 1991 və 1918-ci illərdə edilən səhvlərdən dərs çıxarıb. Məsələ ondadır ki, 1918-ci ildə Cənubi Qafqazda Ermənistan dövlətinin yaranması üçün güzəşdə gedilən İrəvan şəhəri Ermənistanın gələcəkdə Naxçıvan, Zəngəzur və Qarabağa haqq iddia etməməsi üçün edilmişdi. Ermənistan isə öncə Zəngəzuru, 90-cı illərdə isə Qarabağı işğal etdi. Bənzər hadisənin gələcəkdə də baş verməməsi üçün bu gün rəsmi Rakı iki dövlət arasında münasibətlərin normallaşması üçün təklif edilən beş baza prinsipində bu məsələyə xüsusi önəm verib.
Bakının 5 maddəlik təklifinə İrəvanın "şərti”
Ermənistan XİN başçısı Ararat Mirzoyan Avstriya XİN başçısı Aleksandr Şallenberqlə İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Minsk Qrupu Qarabağ probleminin nizamlanması üçün yaradılan formatdır: "Həll hələ tapılmayıb və biz bu formatda danışıqları davam etdirməliyik. Həll yollarından biri ümumi sülh sazişinin parametrlərinin müəyyən edilməsi, işlənməsi və imzalanmasıdır”. O, həmsədrlərin "xalqların öz müqəddaratını təyinetmə hüququ” barədə mövqeyini xatırladıb.
Göründüyü kimi, rəsmi İrəvan Bakının iki dövlət arasında münasibətlərin normallaşması üçün təklif etdiyi konstruktiv beş baza prinsipinə həmişəki kimi ATƏT-in Minsk Qrupu kartı ilə cavab verir. Lakin ATƏT-in Minsk Qrupu hazırda nə iki ölkə arasında həllini gözləyən məsələləri həll etmək iqtidarında, nə də Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında əsas rol oynayacaq səlahiyyətdədir.
Birincisi, Minsk Qrupunun həmsədrlərinin Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində hər hansı bir təşəbbüs irəli sürmək mandatı yoxdur. Həmsədrlər keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idilər. Rəsmi Bakı isə açıqca qeyd edir ki, hazırda belə bir münaqişə yoxdur. Azərbaycan ordusu məsələni özü həll edib.
İkincisi, hazırda davam edən Ukrayna-Rusiya müharibəsi var. Müharibə fonunda həmsədr ölkələr əks tərəflərdə yer alıb. Rusiyaya qarşı Ukraynaya iqtisadi və silah dəstəyi verən, həmçinin sərt sanksiyalar tətbiq edən ABŞ və Fransanın Azərbaycan ilə Ermənistan arasında hansısa bir sülh müqaviləsinə dair razılığa gəlməsi qeyri-real və absurddur.
Üçüncüsü, rəsmi Bakı indiki məqamda iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipini vasitəçi tərəf olmadan, birbaşa Ermənistana təklif edib. Yəni Azərbaycan Ermənistanla 3-cü bir tərəf vasitəsilə danışıqlara getmək istəsə idi, bunu bu və ya başqa formada təklif edərdi.
Nəticə etibarilə, indiki məqamda Ermənistanın təklif edilən 5 baza prinsipi üzrə danışıqlara başlamaqdan başqa seçimi yoxdur. Rəsmi İrəvan bundan yayınsa Bakı antiterror əməliyyatlarına başlaya bilər.
Turan Rzayev