Rusiyanın Ukraynaya hücumları səbəbilə Ümumdünya Səhiyyə Təşkilatı Ukraynaya ictimai səhiyyə laboratoriyalarında aşkar edilən patogenləri məhv etmək barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, Ukraynanın Səhiyyə Nazirliyi və digər məsul qurumlardan mümkün sızmaların qarşısının alınmasına köməklik göstərmələri xahiş olunub.
Biotəhlükəsizlik üzrə mütəxəssislər bəyan ediblər ki, Ukraynadakı bu obyektlərdən hər hansı birinə hücumlar nəticəsində ziyan dəysə, xəstəliyə səbəb ola biləcək patogenlərə məruz qalma və yayılma riski yaranacaq. Ukraynada COVID-19 da daxil olmaqla, həm heyvanlara, həm də insanlara təsir edən təhlükəli xəstəlikləri tədqiq edən laboratoriyalar var və onlar ABŞ, Avropa İttifaqı (Aİ) və ÜST tərəfindən dəstəklənir.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Ukraynada bioloji silah laboratoriyası olduğunu iddia edib. Bu iddialar Amerika və Ukrayna tərəfindən rədd edilsə də, ABŞ hökuməti Rusiyanın öz kimyəvi və ya bioloji silahlarından istifadə etmək üçün bəhanə irəli sürdüyünü bəyan edib.
Əzizə Zeynal