"Dünən Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynadan olan həmkarları ilə keçirilən üçtərəfli görüş istənilən nəticəni verməyib. Həm Lavrov, həm də Kuleba atəşkəsin gündəmdə olmadığını bildirib. Təbii ki, hər iki tərəf digərini ittiham edib”.
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları mərkəzinin eksperti Kənan Novruzov deyib. Onun sözlərinə görə, döyüşlər daha bir neçə gün davam edəcək:
"Amma bəzilərinin düşündüyü kimi, müharibənin uzun müddət çəkəcəyini ehtimal etmirəm. İndi ən kritik günlər, pik həddir. İki ssenari mümkündür. Əgər Rusiya, həqiqətən, Ukraynanı işğal etmək istəyirsə, qarşıdakı günlərdə mümkün qədər sürətli davranmağa çalışacaq. Bunun üçün ən təhlükəli silahlardan, ən mənfur ritorikadan istifadə istisna deyil. Çünki zaman Kremlin əleyhinə işləyir. Qərbin tətbiq etdiyi sanksiyalar rəsmi Moskvanı getdikcə zəiflədir, işini çətinləşdirir. Kiyevin isə Avropa Birliyinə üzv olmaq məsələsi gündəmdədir”.
Müsahibimiz deyib ki, Rusiya bəlkə də, tarixdə ilk dəfə məğlub olmaq təhlükəsi ilə üz- üzədir və bu baxımdan ikinci variant gündəmə gəlir:
"Tərəflərin ən qısa zamanda konsesusa gəlməsi. Moskva və Kiyev ikitərəfli danışıqların növbəti raundlarında razılıq əldə bilərlər. Yaxud ola bilsin, Türkiyədə yenə üçtərəfli danışıqlar keçirilsin. Çavuşoğlunun dünən dediyi kimi, bunun liderlər səviyyəsində olması da mümkündür. İstənilən halda qarşıdakı 10 gündə ciddi proseslər baş verəcək. Nə Rusiyanın, nə də Ukraynanın savaşı daha uzun müddət davam etdirməyə taqəti qalıb. Müharibə yalnız bir halda: hər iki tərəfə açıq dəstəyin göstəriləcəyi, başqa sözlə, münaqişə iştirakçılarının sayının artması şərti ilə mümkündür ki, bu da üçüncü dünya savaşı deməkdir”.
Günay Rəsulqızı
Sfera.az